ALMANİYADA AZƏRAYCANIN MADDİ-MƏDƏNİYYƏT NÜMUNƏLƏRİNDƏN İBARƏT SƏRGİ AÇILACAQDIR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Almaniyada keçirilən Azərbaycan İli çərçivəsində avqustdan noyabradək Berlin Etnoqrafiya Muzeyində, noyabrdan 2009-cu ilin martınadək isə Drezden Etnoqrafiya Muzeyində Azərbaycanın maddi-mədəniyyət nümunələrindən ibarət sərgi açılacaqdır.
Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət İncəsənət Muzeyinin məsul işçiləri sərginin təşkili ilə əlaqədar Berlin şəhərinə ezam olunmuşlar.
Azərbaycanın tarixini, maddi-mədəni irsini ətraflı şəkildə alman tamaşacısına təqdim etmək məqsədi ilə Dövlət İncəsənət Muzeyi, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, “Şirvanşahlar Sarayı-kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq Muzeyi, Zaqatala Tarix-Diyarşünaslıq Muzeyi, Mingəçevir Şəhər Muzeyindən eksponatlar seçiləcəkdir.
Milli Azərbaycan Tarixi Muzeyi, Nizami adına Ədəbiyyat Muzeyi, Məhəmməd Füzuli Əlyazmalar İnstitutu, Milli Arxiv İdarəsi və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasından da materiallar toplanıb sərgidə nümayiş etdiriləcəkdir.
Beləliklə, təxminən bir il ərzində alman tamaşaçısının Azərbaycanın qədim mədəniyyəti ilə yaxından tanış olması üçün daha bir imkan yaranacaqdır.