Almaniyada qaçqınlar arasında məşğulluq səviyyəsi artır
Bakı, 30 noyabr, AZƏRTAC
Son illər Almaniyaya gələn qaçqınların yarıdan çoxu hazırda işlə təmin edilib. Araşdırma göstərir ki, onlar getdikcə daha çox ixtisaslı işçi kimi çalışırlar.
AZƏRTAC xəbər verir ki, federal hökumət qaçqınları Almaniyada tez bir zamanda işlə təmin etmək istəyir. Noyabrın əvvəlində hökumət sığınacaq axtaranların işə başlamasına icazə verilməyən müddəti azaldıb.
Federal əmək naziri Hubertus Heilin fikrincə, məşğulluq mərkəzləri, öz növbəsində, inteqrasiya kurslarından sonra ölkədə qalmaq perspektivi olan qaçqınlara daha əhəmiyyətli dəstək göstərməlidir.
Bəs bu tədbirlər Almaniyanın ixtisaslı işçi çatışmazlığını azaltmağa kömək edə bilərmi? Son bir neçə ilin təcrübəsi nəyi göstərir? Bu sualı Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW) və Bamberq Otto Fridrix Universitetinin alimləri verib. Tədqiqatçılar müəyyən ediblər ki, sorğuda iştirak edən qaçqınların getdikcə daha çoxu işlə təmin olunub və onların arasında ixtisaslı işçi kimi işləyənlərin sayı artıb.
Xüsusilə qaçqın kişilər dörd il əvvələ nisbətən indi daha çox işləyirlər: araşdırmaya görə, 2016-cı ildəki 16 faizlə müqayisədə 2020-ci ildə onların 55 faizi işlə təmin olunub. Bu dövrdə qadınlar arasında məşğulluğun səviyyəsi 6 faizdən 17 faizə yüksəlib.
Araşdırmaya görə, qaçqınların əksəriyyəti Almaniyanın əmək bazarına ixtisassız və ya ixtisaslı işçi kimi daxil olub. Bununla belə, araşdırılan dörd il ərzində kişilər arasında irəliləyiş xüsusi nəzərə çarpır: 2020-ci ildə 18-65 yaş arası qaçqın kişilərin üçdəbiri artıq ixtisaslı işçi kimi işləyirdi. Eyni tendensiya qaçqın qadınlar arasında da müşahidə olunub.