Almaniyalı deputatın rəsmi saytında Azərbaycanla bağlı məqalə verilib
Berlin, 1 noyabr, AZƏRTAC
Berlin landtaqının deputatı Andreas Ştatskovskinin saytında bir neçə gün əvvəl onun seçki dairəsi ofisində Azərbaycanla bağlı keçirilmiş tədbir barədə məqalə verilib. “Azərbaycan Respublikasının səfiri Ramin Həsənov Andreas Ştatskovskinin qonağı oldu” adlı məqalədə qeyd edilir ki, təxminən 50 nəfərin iştirakı ilə keçirilmiş tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun Şərq və Qərbin, Asiya və Avropanın kəsişməsində yerləşən və valehedici ölkə olan Azərbaycan haqda mühazirəsi dinlənilib. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini diqqətə çatdıran səfir 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında danışıb.
Qeyd edilir ki, səfir çıxışında Azərbaycan-Almaniya münasibətlərinin 200 illik tarixinə toxunub. O, tarixən Azərbaycanda məskən salmış şvabların ölkədə yaxşı inteqrasiya etdiklərini və Azərbaycan Xalq Cümhuriyyəti parlamentində öz deputatları ilə təmsil olunduqlarını bildirib.
Vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyəti həm də başqa cəhətlərinə görə mütərəqqi dövlət olub. Azərbaycanda hələ 1918-ci ildə qadınlar üçün seçki hüququ tətbiq edilib və bu gün də qadınlar ölkədə kişilərlə eyni hüquqları bölüşürlər və eyni şərtlərdə çalışırlar.
Məqalədə Azərbaycanın son illərdə sürətlə inkişaf etdiyi, Avropa qurumlarının mühüm tərəfdaşına çevrildiyi bildirilir. Azərbaycan-Almaniya əməkdaşlığında neft və qaz sahəsinin xüsusi çəkisinin olduğu vurğulanır. Qeyd edilir ki, səfir Ramin Həsənov çıxışında “Cənub Qaz Dəhlizi” layihəsi barədə ətraflı məlumat verib, həmçinin Azərbaycanın enerji sektorundan əldə etdiyi gəlirlərini iqtisadiyyatın digər sahələrinə yatırdığını, nəqliyyat, informasiya texnologiyaları və kənd təsərrüfatının ölkə iqtisadiyyatının prioritet sahələri olduğunu vurğulayıb.
Səfir bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini, Azərbaycanda hazırda 170 alman şirkətinin fəaliyyət göstərdiyini, alman dilinin ölkəmizdə populyar olduğunu, bu il Azərbaycanda Göte İnstitutunun açıldığını, Azərbaycanda futbol azarkeşləri arasında alman futbol komandalarına böyük marağın olduğunu qeyd edib. O, həmçinin ölkənin turizm imkanları və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur. Azərbaycan səfirindən sitat gətirilərək bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsi Avropanın təhlükəsizliyi üçün maneədir və dünya ictimaiyyəti belə münaqişələrin həllində qətiyyət göstərməlidir. Səfir beynəlxalq hüququn hamı üçün eyni olmasının vacibliyini vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin