Almaniyanın Düsseldorf şəhərində “Beynəlxalq karyera günü” keçirilmişdir
Düsseldorf, 23 noyabr (AZƏRTAC). Almaniyanın Düsseldorf şəhərində Azərbaycan Tələbə Şəbəkəsinin, Şimali Reyn Vestfaliya əyalətinin İqtisadiyyat, Energetika və Sənaye, Sənətkarlıq, İnnovasiya, Elm və Tədqiqatlar nazirlikləri, NRW. Invest şirkəti ilə birgə təşkil etdiyi ilk “Beynəlxalq karyera günü” keçirilmişdir.
“Karyera günü”ndə Şimali Reyn Vestfaliya əyalətinin İqtisadiyyat, Energetika və Sənaye Nazirliyinin rəsmisi Karl-Uve Bütof, NRW. Invest şirkətinin səlahiyyətli nümayəndəsi Rainer Horniq və Azərbaycan Tələbə Şəbəkəsinin icraçı direktoru İbrahim Əhmədov çıxış etmişlər.
Tədbirdə Azərbaycandan və Almaniyadan olan tələbələr, məzunlar, həmçinin gənc mütəxəssislər qabaqcıl şirkətlərin təcrübəli müşavirlərinin, yerli işəgötürənlərin, maliyyə ekspertlərinin, o cümlədən trenerlərin karyeranın planlaşdırılması, iş müraciətlərinin hazırlanması, peşəkar inkişaf mövzularında təqdimatlarını dinləmişlər.
“Qlobal şirkətlərdə karyera imkanları ilə yanaşı şəxsi və peşəkar inkişafın yolları”, “Şəxsin həqiqi və tam potensialından istifadə etmə qaydaları”, o cümlədən “Şəxsin iş müsahibələrindəki təqdimatının marketinqi” kimi mövzular gənc məzunlarda xüsusi maraq doğurmuşdur.
Tələbə və məzunlara Azərbaycanın Almaniyada fəaliyyət göstərən şirkətlərinin iş imkanları və perspektivləri barədə də məlumat verilmişdir.
Diskussiya şəraitində keçən panellərdə Azərbaycan-Almaniya əlaqələrindən, ölkəmizin Avropa ilə Asiya arasında körpü rolu oynamasından danışılmışdır.
“Karyera günü” Avropadan və Azərbaycandan olan tələbələrin fikir və təcrübə mübadiləsinə dair yığıncaqla başa çatmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Düsseldorf