AMEA Naxçıvan Bölməsində bu ilin birinci yarısının yekunları ilə bağlı yığıncaq keçirilmişdir
Bakı, 7 iyul (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində 2011-ci ilin birinci yarısında bölmənin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev gündəlikdəki məsələlər haqqında məlumat vermiş, rəhbərlik etdiyi bölmədə görülmüş işlər, əldə olunmuş nailiyyətlərdən söz açmışdır. O, bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi, struktur bölmələrin fоrmalaşdırılması, kadr pоtensialının artırılması işlərinin ilin birinci yarısında da davam etdirildiyini, eyni zamanda elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatlara və elmi-təşkilati işlərə diqqətin artırıldığını bildirmişdir.
Bölmə institutlarında fundamental elmi-tədqiqatlar plana uyğun olaraq AMEA Rəyasət Heyəti tərəfindən 2011-ci il üçün təsdiq edilmiş proqram üzrə, Dövlət Proqramlarının həyata keçirilməsi və yeni qanun layihələrinin yerinə yetirilməsi üzrə aparılmışdır. Belə ki, bölmə institutlarında elmi-tədqiqat işləri 6 istiqamətdə, 6 problemi əhatə edən 7 mövzu üzrə 34 iş 98 mərhələdə yerinə yetirilmişdir.
Hesabat dövründə bölmə əməkdaşları tərəfindən 320 elmi əsər, 7 kitab, 2 monoqrafiya, 4 tövsiyə, 284 məqalə, 18 tezis və 5 bukletin nəşr olunduğunu söyləyən akademik 78 məqalə və 10 tezisin xaricdə çap olunduğunu bildirmişdir. O, bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət “Xəbərlər” jurnalının 2 nömrəsinin dərc olunduğunu söyləmişdir.
İlin birinci yarısında “Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru” II cild, “M.Təhmasib. seçilmiş əsərləri” II cild və “Naxçıvan aşıqları və el şairləri” əsərləri nəşr olunmuş, “Onomalogiya problemləri” adlı monoqrafiyanın II cildi üzərində iş davam etdirilmiş, eyni zamanda “Oronimlərin linqvistik xüsusiyyətləri” (Naxçıvan Muxtar Respublikası materialları əsasında) adlı dərs vəsaiti nəşriyyata təqdim edilmişdir. Hazırda “Azərbaycan folkloru antologiyası. Naxçıvan folkloru”nun III cildi, “Naxçıvan MR-in endemik bitkiləri” və “Naxçıvan MR-in dərman bitkiləri ensiklоpediyası” kitabları üzərində iş davam etdirilir.
İ.Hacıyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu qrant layihələri müsabiqəsində kimya elmləri doktoru Əliəddin Abbasovun rəhbərliyi ilə “Gümüşü polimetallik yatağı filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənib hazırlanması” mövzusunda qrant layihəsi texniki ekspertizadan keçmiş, kimya elmləri üzrə fəlsəfə doktoru Günel Məmmədova Rusiyanın Yoşkar-Ola şəhərində buraxılan “Yeni Universitet” elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir.
Beynəlxalq əlaqələrdən danışan natiq bölmə əməkdaşlarının beynəlxalq simpozium və konfranslarda çıxış etdiklərini söyləmişdir.