REGİONLAR
AMЕA Naxçıvan Bölməsində “Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans keçirilib
Naxçıvan, 13 iyun, AZƏRTAC
AMЕA Naxçıvan Bölməsində muxtar respublikanın ali təhsil müəssisələri, Naxçıvanşünaslıq Mərkəzi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev adına Hərbi Lisey və Heydər Əliyev adına tam orta məktəbin iştirakı ilə “Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans təşkil edilib.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev 15 İyun - Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib.
Daha sonra “Ümummilli lider müstəqil Azərbaycan dövlətinin xilaskarı” mövzusunda məruzə edən bölmə sədri 1990-cı ilin əvvəllərində ölkənin üzləşdiyi siyasi böhrandan söz açıb, Ulu Öndərin xilaskarlıq missiyasından geniş danışıb. Alim bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud ictimai-siyasi vəziyyət gərgin idi, bütün sahələrdə xaos, hərc-mərclik baş alıb gedirdi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Məhz belə bir ağır ictimai-siyasi dövrdə bütün həyatını doğma vətəni Azərbaycana həsr etmiş ümummilli lider Heydər Əliyev xalqın təkidi, tələbi və xahişi ilə siyasi hakimiyyətə qayıdaraq milli qurtuluşumuzun əsasını qoydu.
Akademik İsmayıl Hacıyev ölkəmizin Milli Qurtuluş Günündən başlanan hərtərəfli və sürətli inkişafından, xarici siyasətdəki uğurlardan, vətəndaşların rahatlığı naminə həyata keçirilən qlobal layihələrdən söz açıb. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin milli maraqlar əsasında çoxşaxəli siyasəti Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməklə yanaşı, ictimai-siyasi sabitliyi qorudu, ölkədə qüdrətli ordu yaradıldı. 1993-cü ildən sonra Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etdi, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdı, yeni iş yerləri yaradıldı, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edildi, ölkənin hər bir yerində tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirildi. Bütün sahələrlə yanaşı, mədəniyyətin, elmin və təhsilin inkişafına diqqət artırıldı.
İsmayıl Hacıyev qeyd edib ki, son illərdə Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının bütün sahələrdəki sürətli inkişafı dahi öndər Heydər Əliyevin parlaq ideyasının təzahürüdür.
Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və Azərbaycan tarixi məsələləri”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycanın təhsili” və “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Müasir tariximizin dönüş nöqtəsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransdan sonra Heydər Əliyev Muzeyinə virtual səyahət təşkil olunub.