AMEA Naxçıvan bölməsində “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda elmi konfrans keçirilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində “Xocalı faciəsi: insanlığa qarşı cinayət” mövzusunda elmi konfrans keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımının səbəbləri, dünyaya Xocalı həqiqətlərinin çatdırılması istiqamətində həyata keçirilən işlərdən danışmışdır. Bildirmişdir ki, Xocalı faciəsi ərəfəsində ölkədə yaranmış ağır ictimai-siyasi durum, keçmiş sovet ordusunun 366-cı alayının erməni quldurlarına dəstək verməsi və qırğınların törədilməsində birbaşa iştirak etməsi, Xocalının müdafiəsinin əsasən yerli özünümüdafiə dəstələri tərəfindən həyata keçirilməsi bu qətliamın daha dəhşətli xarakter almasına səbəb olmuşdur.
Konfransda AMEA Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Xocalı faciəsi ərəfəsində Azərbaycanda vəziyyət”, institutun direktor müavini, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin “Xocalı faciəsinin siyasi və milli mahiyyəti”, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun “Xocalı faciəsi: tarixi, səbəbləri və dərsləri”, institutun şöbə müdiri Emin Şıxəliyevin “Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı apardığı soyqırımıların tərkib hissəsi kimi”, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Xocalı qəhrəmanları” mövzusunda məruzələri dinlənilmişdir.
Tədbirdə Xocalı soyqırımı reallıqlarını əks etdirən fotoşəkillər və sənədlərdən ibarət slaydlar nümayiş etdirilmişdir.
Qeyd edək ki, Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar AMEA Naxçıvan bölməsinin Elmi Kitabxanasında “Xocalı soyqırımı” adlı sərgi də təşkil olunmuşdur. Sərgidə 30-dan çox kitab, müxtəlif jurnal və qəzet materialları nümayiş etdirilir.