AMEA-nın əldə etdiyi nailiyyətlərin əsasında Ulu Öndərin apardığı məqsədyönlü siyasət dayanır
Bakı, 10 may, AZƏRTAC
Ölkəmizdə bütün sahələrdə olduğu kimi elm sahəsinin də inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri var. Görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan elminin inkişafına, əldə edilən elmi nəticələrin dünya miqyasında tanıdılmasına xüsusi diqqət göstərib, bu istiqamətdə böyük iş görüb. Ulu Öndərin elmimizin inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər, böyük islahatlar bu dahi şəxsiyyətin Vətənimiz və xalqımız qarşısında ən mühüm tarixi xidmətlərindəndir.
Bu sözləri AZƏRTAC-a mayın 10-da ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gəlmiş Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin elektron informasiya şöbəsi rəisinin müavini Nərgiz Qəhrəmanova söyləyib.
O deyib: “Ümummilli lider Heydər Əliyev elm amilinin müasir cəmiyyətin inkişafında hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində taleyüklü qərarlar verib. Elmlər Akademiyasını Azərbaycan xalqının tarixi nailiyyəti hesab edən görkəmli dövlət xadimi çoxəsrlik ənənəsi olan elmimizin yenidən inkişaf etdirilməsinin əsas istiqamətlərini müəyyənləşdirib, onun möhkəm təməllərini yaradıb. Ulu öndərin yürütdüyü siyasət yalnız elm tarixinin öyrənilməsi, yaxud ayrı-ayrı görkəmli alimlərin xidmətlərinin qiymətləndirilməsi ilə məhdudlaşmayıb, həm də çoxəsrlik tariximizin elmi əsaslarla araşdırılaraq xalqa obyektiv çatdırılmasını ehtiva edib.
Bu gün AMEA-da tamamilə yeni inkişaf meyilləri müşahidə olunur. Akademiyanın əldə etdiyi nailiyyətlərin əsasında şübhəsiz ki, ulu öndər Heydər Əliyevin bu ali elm ocağının inkişafı yönündə apardığı məqsədyönlü siyasət dayanır. Ümid edirik ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu inkişaf daha da sürətlənəcək, elmimizin tərəqqisi yolunda yeni üfüqlər açılacaq. Dövlətimizin başçısının alimlər qarşısında qoyduğu yeni vəzifələr AMEA-nı daha yüksək zirvələrə doğru aparacaq”.