ELM VƏ TƏHSİL
AMEA-nın milli informasiya resurslarının “Hökumət buludu”na inteqrasiyası təmin edilməlidir
Bakı, 16 iyul, AZƏRTAC
AMEA-nın milli informasiya resurslarının “Hökumət buludu”na inteqrasiyası təmin edilməlidir.
Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “AzScienceNet” şəbəkəsinin İdarəetmə şurasının onlayn iclasında çıxışı zamanı səsləndirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim tədbirdə dövlət informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında dayanıqlı və təhlükəsiz infrastrukturda təşkili məqsədini daşıyan “Hökumət buludu”nun (G-cloud) əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkədə müxtəlif dövlət informasiya sistemləri və ehtiyatlarının formalaşdırılması, saxlanılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun yaradılmasını zəruri edib. “Hökumət buludu” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılıb.
R.Əliquliyev Prezident İlham Əliyevin 2019-cu il iyunun 3-də imzaladığı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərmanını xatırladıb. Bildirib ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə AMEA-da son zamanlar yaradılan böyük əhəmiyyətə malik milli informasiya resurslarının “Hökumət buludu”na inteqrasiyası təmin edilməlidir.
“E-elm e-hökumət və e-dövlətin tərkib hissəsinə çevrilməlidir”, - deyən alim dövlət resurslarının vahid Data Mərkəzdən idarə edilməsinin, eləcə də həmin mərkəzin dayanıqlığına və təhlükəsizliyinə diqqət artırmağın vacibliyini qeyd edib.
Akademik R.Əliquliyev bildirib ki, “AzScienceNet” şəbəkəsinin dövlətin müvafiq informasiya sistemlərinə inteqrasiyası, eləcə də institut mütəxəssisləri tərəfindən e-elmin tərkib hissəsi kimi yaradılmış, bir neçə əhəmiyyətli, milli statuslu sistemlərin “Hökumət buludu”nda yerləşdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Bu tədbirlərin həyata keçirilməsi zamanı “Hökumət buludu”nun tələb və tövsiyələrinin nəzərə alınması da zəruridir.