AMEA-nın Yüksək Texnologiyalar Parkı və Müdafiə Nazirliyi arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 20 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yanacaq xidmətinin rəisi, polkovnik-leytenant Elmar Əliyev və satınalma və təchizat idarəsinin zabiti, polkovnik-leytenant Oruc Yaqubov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd YT Parkda reallaşdırılan layihələr və istehsal olunan məhsullarla yaxından tanışlıq, eləcə də əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.
Əvvəlcə YT Parkın direktoru Nazim Şükürov qonaqlara rəhbərlik etdiyi müəssisənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi qurumun əsas məqsədlərindəndir. Alim YT Parkda müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsal edildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, qurumda müxtəlif sahələr üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir.
Sonra Müdafiə Nazirliyinin əməkdaşları YT Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) fəaliyyəti ilə tanış olublar. TSZ-nin baş mühəndisi Adil Ağayev onlara Rusiya, Polşa və Azərbaycanda istehsal edilən sürtkü yağlarının müqayisəli şəkildə sınağını nümayiş etdirib. Ölkəmizdə istehsal olunan yağlar isə istiyə yüksək dözümlülüyü ilə fərqlənib ki, bu da Azərbaycan alimlərinin ixtirası olan məhsulların keyfiyyətinin göstəricisidir.
Görüşdə, həmçinin YT Parkın rezidentlərinin istehsal etdiyi elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların - mühərrik, sənaye və sürtkü yağlarının dövlət müəssisələrində satın alınması ilə bağlı fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.
Müdafiə Nazirliyinin əməkdaşları YT Parkda həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər, iki qurum arasında müvafiq sahədə əməkdaşlığın təşkilində maraqlı olduqlarını qeyd ediblər.