Amerikalı din xadimləri: Azərbaycanda dini etiqadlara göstərilən diqqət bütün dünyaya nümunədir
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Cənubi Karolina “Gateway” Baptist kilsəsinin baş pastoru Don Brok və Şimali Trenholm Baptist kilsəsinin baş pastoru Kasey Villiams ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətlərinə, Konstitusiyada təsbit edilmiş vicdan azadlığına, dinlərarası harmoniyaya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinə toxunulub. Eyni zamanda, ölkəmizdə qeyri-müsəlman dini icmalarına, o cümlədən baptist icmalarına yaradılan şərait, dini konfessiyalara dövlət tərəfindən göstərilən qayğıdan bəhs olunub.
Azərbaycanın tarixi tolerantlıq ənənələrindən danışan qonaqlar ölkədə müxtəlif dini etiqadlara göstərilən diqqətin bütün dünya üçün nümunəvi model təşkil etdiyini bildiriblər. Ölkəmizdə şahidi olduqları həmrəylik mühitini, baptist icmalarına göstərilən yüksək diqqəti xüsusi vurğulayaraq bunun bütün dünya üçün nümunə ola biləcəyini diqqətə çatdırıblar.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsinin aparıldığı görüşün sonunda Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən bəhs edən kitablar qonaqlara təqdim olunub.