CƏMİYYƏT
ANAMA: Xızıda 107 millimetrlik raket aşkar olunub
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də saat 13:01-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisindən keçən Samur-Abşeron su kanalının yaxınlığından 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 107 millimetrlik raket (TR-107) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 1 000 kvadratmetr əraziyə yerüstü, 50 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.