ANKARADA ZƏRİFƏ SALAHOVANIN MİNİATÜR KİTAB KOLLEKSİYASI SƏRGİSİNİN NÜMAYİŞİ OLMUŞDUR
Bu münasibətlə keçirilmiş mərasimdə Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu, Türkiyənin mədəniyyət və turizm naziri Atilla Qoç və digər rəsmi şəxslər iştirak etmişlər. Polad Bülbüloğlu və Atilla Qoç tədbirdə çıxış edərək Zərifə xanımın topladığı nadir kitablardan, o cümlədən miniatür kitab kolleksiyasından ətraflı söhbət açdılar. Sərgi salonuna toplaşan qonaqlar miniatür kitab ekspozisiyası ilə tanış oldular. Nümayiş etdirilən kitablar arasında “Azərbaycan Respublikası”, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş kitablar, “Əsrin Müqaviləsi”, Quran, Bibliya, Tövratın miniatür nəşrləri, Azərbaycan, rus, türk şair və yazıçılarının əsərləri, Azərbaycanda idman və olimpiya hərəkatı haqqında toplular xüsusi maraq doğurmuşdur. “YUNESCO-nun xoşməramlı səfiri”, “Yeni Azərbaycan Partiyasının Birinci Qurultayı” miniatür kitabları isə nəfis poliqrafiya xüsusiyyətləri ilə türk kitabsevərlərinin diqqətini xüsusilə cəlb etmişdir. Sərgi beş gün davam edəcəkdir.