Aparıcı xarici KİV-lər AZƏRTAC-ın Azərbaycanda koronavirusla mübarizəyə dair məqaləsini yayıb
Bakı, 6 may, AZƏRTAC
AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun "Böyük çağırış və liderin xilaskarlıq missiyası" sərlövhəli analitik məqaləsi ABŞ-ın, Avropanın, ərəb ölkələrinin bir sıra populyar KİV-ləri tərəfindən yayılıb.
Azərbaycanın koronavirusla mübarizə təcrübəsindən bəhs edən analitik məqaləni dərc edənlər arasında “Foreign Policy News” (ABŞ), Nayrouz (İordaniya), “EU Politics” (Avropa İttifaqı) portalları, Ukrinform (Ukrayna) və “Amos news” (Rumıniya) agentlikləri var.
Beynəlxalq əlaqələri getdikcə genişlənən AZƏRTAC 50-yə yaxın ölkənin agentlikləri ilə tərəfdaşlıq sazişi imzalayıb, 100-dən çox agentliklə mütəmadi informasiya mübadiləsi aparır. 2016-2019-cu illərdə iki mötəbər beynəlxalq media qurumuna - Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına sədrlik etməsi AZƏRTAC-ın dünya informasiya məkanında mövqelərini gücləndirib. Nəticədə Azərbaycan həqiqətləri barədə informasiyalar bu gün daha geniş coğrafiyada yayılır.
Qeyd edək ki, "Böyük çağırış və liderin xilaskarlıq missiyası" sərlövhəli məqalədə Prezident İlham Əliyevin koronavirusla mübarizə strategiyasının müsbət nəticələri təhlil olunur, Azərbaycanın bu sahədə nümunəvi ölkələrdən biri olduğu faktlarla əsaslandırılır. Oxucuda koronavirusa qarşı mübarizənin Azərbaycan modeli barədə təsəvvür yaradılır, insan həyatının qorunması və əhalinin sosial müdafiəsi istiqamətində paralel olaraq həyata keçirilən tədbirlərdən söhbət açılır. Azərbaycandan dünyaya həmrəylik və əməkdaşlıq mesajlarının verildiyi diqqətə çatdırılır, buna misal olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının təmas qrupu formatında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşləri nümunə göstərilir.