Aprel döyüşləri milli ruhun yüksəlişində böyük rol oynayıb
Samux, 1 aprel, AZƏRTAC
Aprel döyüşləri dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, xalqımızın yenilməz ruhunu nümayiş etdirdi. 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq keçirilmiş hərbi əməliyyat zamanı əldə olunmuş qələbə Vətən müharibəsində qazanılan şanlı Zəfərin əsasını qoydu.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu fikirlər Samuxda Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunan tədbirdə səsləndirilib.
“Zəfərimizin ilk qığılcımı Aprel döyüşləri” adlı tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda vurğulanıb ki, Aprel döyüşləri milli ruhun yüksəlişində böyük rol oynayıb. Azərbaycan Ordusu hər bir təxribatın qarşısını qətiyyətlə almağa, düşməni diz çökdürməyə qadir olduğunu sübut etdiyi kimi, xalqımızın heç vaxt işğalla barışmayacağını, öz torpaqları uğrunda sonadək mübarizə aparacağını da göstərdi. Məhz bu qətiyyət və sarsılmaz iradə sonrakı dövrdə əldə olunan böyük hərbi-siyasi uğurların əsasını təşkil edib. Torpaqlarımız işğaldan tamamilə azad edilib, suverenliyimiz bərpa olunub. İllərcə yurd həsrəti çəkən soydaşlarımız öz doğma ellərinə qayıdırlar.
Tədbirin sonunda “Aprel Fərmanı” adlı sənədli film nümayiş etdirilib.
Müxbir – Vüsalə Cənnətova