Aqrar sahədə həyata keçirilən elmi-tədqiqat işlərinin monitorinqi aparılır
Bakı, 12 iyun, AZƏRTAC
Aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili ilə əlaqədar Aqrar Elm və İnnovasiya Mərkəzində (AEİM) yaradılmış işçi qrupu tərəfindən monitorinqlərə başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, AEİM-in direktor müavini, işçi qrupun rəhbəri Fərman Kərimov davamlı aparılacaq monitorinq zamanı elmi-tədqiqat mövzularının mərhələlərinin analizi, onların metodikaya uyğun aparılması, keyfiyyətinin qiymətləndirilməsi, elmi nəticələrin tətbiqi və səmərəliliyinə dair materialların araşdırılmasının təmin ediləcəyini deyib. İşçi qrupu bu günə qədər Üzümçülük və Şərabçılıq, Tərəvəzçilik, Əkinçilik, Baytarlıq Elmi-Tədqiqat institutlarında olaraq kollektivlə ümumi müzakirələr aparıb, monitorinqin mərhələləri haqqında onlara ətraflı məlumat verib, eyni zamanda, əvvəldən müəyyən edilmiş qrafikə uyğun olaraq şöbə və laboratoriyalarda ilkin baxışların keçirilməsinə başlayıb.
Monitorinqlər elmi-tədqiqat institutlarında həyata keçirilən mövzuların istiqaməti, icraçıları, icra müddətlərini, tarla-müşahidə jurnallarının yoxlanması, təcrübə zamanı aparılmış analizlərin təhlili, son vəziyyətinin qiymətləndirilməsi, yerinə yetirilmiş tədqiqat mövzularına dair çap olunmuş məqalələrin analizini əhatə edəcək. “Aqrar sahədə elmi-tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili Qaydaları”na uyğun olaraq bundan sonra başa çatmış və ya davam edən tədqiqat işlərinin nəticələrinin tətbiqinə, səmərəliliyə dair materiallar ildə iki dəfə keçiriləcək monitorinqlər əsasında qiymətləndiriləcək.
Növbəti mərhələdə elmi-tədqiqat institutlarının təcrübə stansiyalarında da monitorinqlər aparılaraq həyata keçirilən elmi işlər qiymətləndiriləcək.