ARDNŞ-İN EKOLOGİYA İDARƏSİ “TƏMİZ AYLIQ” KAMPANİYASINDA FƏAL İŞTİRAK ETMİŞDİR
Bakı, 28 avqust (AZƏRTAC). Avqustun 1-dən 31-dək nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə “Təmiz hava” aylığı keçirir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə qurumun Ekologiya İdarəsinin Ekoloji Ölçmə Mərkəzinin əməkdaşları şirkətin idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrinin intensiv hərəkətdə olduqları “Azərneft”-Bibiheybət sahəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə “Təmiz hava” aylığı ilə əlaqədar keçirilən reydlərdə iştirak etmişlər.
Reyddə iştirak edən nümayəndələr belə nəticəyə gəlmişlər ki, ARDNŞ tərəfindən yeni avtomobillərin istismara buraxılması, digər tərəfdən Ekologiya İdarəsinin Ekoloji Ölçmə Mərkəzinin müasir avadanlıqla təmin olunması, mütəmadi olaraq ekoloji müayinələrin keçirilməsi və nəticədə aşkar olunan nasazlıqlarla əlaqədar profilaktik tədbirlərin görülməsi atmosferə atılmış zərərli qazların miqdarının azalmasına səbəb olur.
“Ekologiya ili” çərçivəsində şirkətin həyata keçirdiyi ekoloji proqramlara uyğun olaraq, istifadədə olan avtomobillərin yanacaq sistemlərini tənzimləməklə onları saz vəziyyətdə saxlamaq və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə mütəmadi işlər aparılır.