ARİEL ŞARONUN HƏKİMLƏRİ ONUN AĞIR XƏSTƏLİKLƏRİ BARƏDƏ HƏQİQƏTİ GİZLƏTMİŞLƏR
Şaron ötən ilin dekabrında ilk dəfə xəstəxanaya qoyulduqda həkimlər bildirmişdilər ki, Baş nazirdə anadangəlmə ürək qüsuru - ürək membranası defekti var.
Lakin qəzetin apardığı araşdırma göstərmişdir ki, Şaron ürəklə bağlı daha ciddi problemlərdən, o cümlədən ürək arakəsməsi anevrizmindən (damar genişlənməsi) də əziyyət çəkirmiş. Bu xəstəlik serebral emboliyanın (qan damarlarının embola tutulması) mənbəyi sayılır və dekabrın 18-də insulta səbəb olan qan laxtasına (tromb) gətirib çıxarmışdır. “Hadassa” hospitalının aparıcı həkimləri belə güman edirlər.
Şaronda şunt da vardı. Bu xəstəlik qanın arakəsmədəki dəlik vasitəsilə sağdan sola öz-özünə axmasına səbəb olmuşdur. Belə qeyri-düzgün qan dövranı çox təhlükəlidir. Baş nazirə ürək arakəsməsi ilə bağlı digər problemlər də əziyyət verirdi ki, bunlar da tromblar əmələ gəlməsinə gətirib çıxara bilərdi.
Bir qayda olaraq, belə problemlərə məruz qalan xəstələrə antikoaqulyantlar qəbul etmək və ürəyi zondlaşdırmaq məsləhət görülür. Lakin Şaronun üzləşdiyi halda antikoaqulyantların qəbul olunması həkimlərin onu ciddi nəzarət altında saxlamasını tələb edirdi. Çünki Baş nazirdə daha bir xəstəlik - serebral amiloid angiopatiya aşkarlanmışdır. İctimaiyyətdən bu diaqnoz da gizlədilmişdir.
Xatırladaq ki, Şaron hələ də “Hadassa” hospitalının reanimasiya şöbəsindədir. Onun vəziyyəti sabit böhranlı olaraq qalır. Yanvarın 4-də o, ikinci insult keçirmiş və beyninə çoxlu qan sızmışdır.