Arxangelskdə Novruz bayramı münasibətilə konsert təşkil edilib
Bakı, 25 mart, AZƏRTAC
Arxangelskin Xalq Yaradıcılığı Evində Novruz bayramına həsr edilən konsert olub.
Arxangelsk vilayəti qubernatorunun və hökumətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatı tərəfindən Xalq Yaradıcılığı Evinin dəstəyi ilə təşkil edilib.
Azərbaycandan olan artistlərin çıxışı tamaşaçılar üçün hədiyyə olub. Tamaşaçılar yerli ifaçıların çıxışlarını da ənənəvi olaraq alqışlarla qarşılayıblar.
Gecənin əvvəlində "Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının rəhbəri Tərlan Qasımov tədbirə toplaşanları salamlayaraq onlara xoşbəxtlik arzulayıb.
"Novruz "Yeni gün" deməkdir. Bu bayramın əsas məqsədlərindən biri insanlar arasında mənəvi əlaqələrin möhkəmləndirilməsi və bizim ortaq dəyərlərimizin qorunub saxlanılmasıdır", - deyə Tərlan Qasımov bildirib.
Arxangelsk vilayətinin qubernatoru İqor Orlov gecənin qonaqlarını bahar bayramı münasibətilə təbrik edib. "Vilayətə gələn hər kəsin üzünə bu yerlərin qapıları açıqdır. Bu gün Novruzun bizdə belə geniş qeyd edilməsi sizi dost və yaxın insan kimi gördüyümüzü bir daha təsdiqləyir. Səhnədən səsləndirilən məhəbbət mahnıları müxtəlif millətlərdən və dinlərdən olan insanları bir araya gətirir", - deyə qubernator qeyd edib.
Xalq Yaradıcılığı Evində keçirilən Novruz bayramı yerli mediada geniş işıqlandırılıb.
Qeyd edək ki, Arxangelsk vilayəti Azərbaycan ilə ticari-iqtisadi və humanitar əlaqələri fəal inkişaf etdirir. Vilayətin nümayəndə heyəti 2016-cı ildə Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirak edib. Forumun yekununa görə Arxangelsk vilayəti və Azərbaycan hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişin hazırlanmasına başlanılıb. Azərbaycan nümayəndə heyəti 2017-ci ildə Arxangelsk vilayətində iki dəfə səfərdə olub və regionun 80 illiyinə həsr olunan tədbirlərdə iştirak edib.