ASAN könüllüləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar
Qəbələ, 2 may, Mustafa Dadaşov, AZƏRTAC
Kürdəmirdə fəaliyyət göstərən ASAN könüllüləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfər edib, ərazidə yerləşən Arxeoloji Mərkəzlə tanış olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Könüllülər Qoruq ərazisində aparılmış arxeoloji qazıntı sahələri, şəhərin ərazisini əhatə edən müdafiə sədləri, ictimai binaların qalıqları, qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri, təsərrüfat quyuları, ocaq yerləri, içməli və çirkab su xətləri, qala bürcləri ilə yaxından tanış olublar. Diqqətə çatdırılıb ki, tarixi sirlərlə zəngin olan Qoruq ərazisi mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi məkandır. Ümumilikdə, 420 hektar ərazini əhatə edən Qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir.
ASAN könüllüləri, həmçinin Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla da tanış olublar. Burada nümayiş etdirilən tarixi-mədəni irsimizə aid eksponatlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.