“ASAN xidmət” əməkdaşları arasında minifutbol turniri keçirilib
Bakı, 12 may, AZƏRTAC
“ASAN xidmət” əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar minifutbol turniri keçirilib.
Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı, AFFA-nın Hakimlər Komitəsinin tərəfdaşlığı ilə gerçəkləşib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqa qonaqlar iştirak ediblər.
Turnirin qalibi Dövlət Agentliyinin Quba regional “ASAN xidmət” mərkəzinin komandası olub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Dövlət Agentliyinin Aparatının və 3 saylı “ASAN kommunal” mərkəzinin komandaları tutub.
Ümumilikdə aprelin 5-dən start verilən turnirdə 29 komanda iştirak edib.