“ASAN xidmət” rəqəmsal oyun düşərgəsi keçirir
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də “DIGIAGE - Bakı” rəqəmsal oyun düşərgəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dörd gün davam edəcək düşərgə Agentliyin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi Bakı”nın və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı, “Code Academy” şirkətinin, Veysəloğlu Şirkətlər Qrupunun və “IBIS Baku City Hotel”in dəstəyi ilə həyata keçirilir.
Açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “Bilişim Vadisi Bakı”nın direktoru Qamət Kərimov, “Code Academy”nin rəhbəri Ülvi Aslanov, Veysəloğlu Şirkətlər Qrupunun İnformasiya texnologiyaları direktoru Ülvi Babaşov və digər qonaqlar iştirak ediblər.
Düşərgənin məqsədi peşəkar mentorların iştirakı ilə istedadlı gənclərin oyun hazırlamalarına şərait yaratmaq, layihələrini tanıtmaqdır. Həmçinin dünya bazarına çıxmaq imkanları ilə bağlı onların təcrübə əldə etmələrinə və yeni təşəbbüslərə imza atmalarına dəstək olmaq əsas hədəflərdir.
Qeyd edək ki, 267 müraciətçidən qəbul mərhələlərini tamamlayan 92 iştirakçı komanda və ya fərdi formada düşərgədə iştirak edəcək.
Düşərgə 2023-cü ildə “İnnovasiyalar Mərkəzi” , “Bilişim Vadisi Bakı” və “Code Academy” arasında imzalanan əməkdaşlıq Memorandumlarına əsasən təşkil olunub. Memorandumların məqsədi texnoloji bacarıqların birgə inkişaf etdirilməsi, təlimlərin keçirilməsidir. Eyni zamanda, ölkəmizdə innovativ həllərin tətbiqinə və inkişafına təkan verəcək hakaton, butkamp modeli əsasında layihələrin birgə hazırlanması prioritetlərdir.
Səkkizinci dəfədir təşkil olunan “DIGIAGE” düşərgəsinə bu günə qədər 18 mindən çox müraciət əsasında dörd mindən çox iştirakçı qatılıb. Yetmişdən çox komandanın 10-dan çoxu şirkətləşib və 7 komandaya 250 min dollarlıq investisiya edilib. Əsas hədəflər oyun sektorunda inkişaf etmək istəyən fərdi iştirakçılara, komandalara, şirkətlərə mentorluq dəstəyi göstərmək və investisiya əsasında ekosistemi böyütməkdir.