CƏMİYYƏT
“ASAN xidmət” talassemiyalı uşaqlara dəstək məqsədilə vətəndaşlara sosial çağırış edib
Bakı, 12 iyun, AZƏRTAC
“ASAN xidmət” 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibətilə vətəndaşlara sosial çağırış edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qurumun sosial şəbəkə hesablarında talassemiyalı uşaqlara dəstək məqsədilə fotolar paylaşılıb. Paylaşımda onlar üçün hər kəsin qan verməyə hazır olduğu sosial çağırışı əks olunub.
Azərbaycanda 1500-dən çox talassemiyalının, həyatları qandan asılı olan digər hematoloji xəstələrin və təcili əməliyyata ehtiyacı olan şəxslərin hər zaman davamlı qan təminatı zəruridir. Qanın tək mənbəyi isə sağlam və könüllü donorlardır.
Könüllü qan donoru olmaq istəyən şəxslər Bakı şəhərində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankına, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrinə müraciət edə bilərlər.
Ətraflı məlumatı 907 Məlumat Mərkəzindən əldə etmək mümkündür.