“Aşıq Şəmşir” Mədəniyyət Ocağının “Mir Cəlal irsinin təbliği” layihəsi çərçivəsində növbəti tədbiri
Bakı, 25 aprel, AZƏRTAC
Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə “Mir Cəlal irsinin təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri İctimai Birliyin sədr müavini Həbib Misirov açaraq layihənin görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin ədəbi-elmi irsinin təbliğində əhəmiyyətini qeyd edib.
Bildirib ki, Mir Cəlal ədəbiyyat, mədəniyyət, elm və təhsil tariximizin ən parlaq nümayəndələrindən biri olaraq yaddaşlarda işıqlı şəxsiyyət kimi yaşamaqdadır. O, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və yaradıcılarından biridir. Çoxlu sayda hekayə, povest və romanlar müəllifi olan yazıçı, həm də ədəbiyyatşünas alim kimi dəyərli elmi-tədqiqat əsərləri, dərsliklər yazıb.
Vurğulanıb ki, görkəmli yazıçı və alim, unudulmaz müəllim kimi yaddaşlarda yaşayan Mir Cəlal Paşayev bütün həyatını, ömrünü Azərbaycan xalqının maariflənməsinə, ədəbiyyatımızın və elmimizin inkişafına həsr edib. Bu böyük şəxsiyyətin ədəbi-bədii və elmi-nəzəri irsi ilə yanaşı, uca şəxsiyyətində cəmləşdirdiyi xeyirxahlığı, insanlığı, ümumbəşəri əhəmiyyət kəsb edən humanizmi və mütərəqqi ideyaları da həmişə yüksək heyranlıqla qarşılanır və əsl örnək kimi sevilə-sevilə qəlblərdə ucalıq və əlçatmazlıq heykəli qurur.
Diqqətə çatdırılıb ki, bu il görkəmli yazıçının anadan olmasının 110 ili tamam olur və bununla əlaqədar ədibə həsr olunmuş silsilə tədbirlər keçirilir, əsərləri çap edilir, eyni zamanda, haqqında yazılmış dəyərli elmi-tədqiqat əsərləri işıq üzü görür. Natiq bildirib ki, həmin əsərlərdən biri də bu günlərdə işıq üzü görən professor Təyyar Salamoğlunun “Mir Cəlal nəsri və müasirlik” kitabıdır. Kitabda müəllif Mir Cəlal nəsrini geniş şəkildə və müasirlik kontekstindən şərh edib, görkəmli ədibin nəsr yaradıcılığına metodoloji yanaşmanın yeni aspektlərini ortaya qoyub.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor Himalay Qasımov elmi redaktoru olduğu kitabın böyük yazıçının yaradıcılığına münasibətin tam yeni elmi və metodoloji aspektlərini üzə çıxaran tədqiqat əsəri kimi mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, bu monoqrafik araşdırma ədəbi-elmi ictimaiyyətin dərin marağında səbəb olacaq.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı müəllimi ilə bağlı xatirələrini bölüşüb, ədəbi irsindən ətraflı söz açıb.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva yazıçının həyat və yaradıcılığından danışıb, təqdim olunan kitabları müasir ədəbiyyatşünaslığımızın nailiyyəti kimi qiymətləndirib.
Tədbirdə “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli və digər çıxış edənlər Mir Cəlal nəsrinin özəlliklərindən, onun Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən söz açıblar.
Sonda kitabın müəllifi, professor Təyyar Salamoğlu çıxış edərək təqdimat mərasiminə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə, tədbirin iştirakçılarına təşəkkür edib.