İQTİSADİYYAT
Asiya İnkişaf Bankı indiyədək Azərbaycana 2,8 milyard dollar məbləğində vəsait ayırıb VİDEO
Bakı, 15 noyabr, AZƏRTAC
Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın AİB-ə qoşulduğu 1999-cu ildən ötən dövr ərzində qurum tərəfindən Azərbaycana kredit və qrant şəklində 2,8 milyard dollar məbləğində vəsait ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
V.Janq qeyd edib ki, AİB 17 il ərzində nəqliyyat, enerji, şəhər infrastrukturunun inkişaf etdirilməsi, özəl biznesin dəstəklənməsi sahələrində fəaliyyət göstərib, eləcə də texniki yardım proqramları həyata keçirilib. Azərbaycan, eyni zamanda, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramının da üzvüdür. Hazırda ölkədə bir sıra çağırışların və çətinliklərin olduğunu nəzərə alsaq, biz AİB olaraq gələcəkdə də Azərbaycanın etibarlı tərəfdaşı olacağıq və ölkədə islahatların aparılması və inkişafı naminə dəstəyimizi əsirgəməyəcəyik. AİB gələcəkdə struktur və institusional islahatların aparılmasına texniki yardımlar, islahatyönümlü mexanizmlər, eyni zamanda, ayrı-ayrı sektorların inkişafına yönəlmiş layihələr çərçivəsində dəstək verəcək.
"Biz, həmçinin növbəti 3 il ərzində 2017-2019-cu illəri əhatə edən biznes planının üzərində işləyirik. Bankın əməkdaşlıq planının çərçivəsində də konkret layihələr nəzərdə tutulacaq. Növbəti 3 il ərzində biz yalnız investisiya layihələrini deyil, həm də genişmiqyaslı struktur dəyişiklikləri islahatlarını dəstəkləyəcəyik. Ümid edirik ki, biz bu biznes planı qısa zamanda yekunlaşdıracağıq", - deyə vitse-prezident deyib.
V.Janq vurğulayıb ki, bu il biz Asiya İnkişaf Bankının 50 illiyini qeyd edirik. Bu dövrdə bank Asiya regionunda və Sakit okean hövzəsi ölkələrində əhəmiyyətli dəyişikliklərə və keçidə dəstək verib. Əminəm ki, növbəti illərdə də AİB regionda iqtisadi və sosial inkişafa öz töhfəsini verəcək.