AŞPA-NIN PAYIZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLADI
Sessiyadan əvvəl AŞPA-nın ayrı-ayrı qrup və komitələrinin yığıncağı keçirildi. Həmin yığıncaqlarda deputatlarımız müzakirə olunan məsələlər barədə ölkəmizin mövqeyini bildirdilər.
Siyasi komitənin iclasında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitənin növbəti yığıncaqlarının birinin Bakıda keçirilməsi təklifi ilə çıxış etdi. Onun təklifi yekdilliklə dəstəkləndi və yaxın vaxtlarda iclasın keçiriləcəyi tarixin müəyyənləşdirilməsi qərara alındı.
Oktyabrın 4-də sessiya öz işinə başladı. Sessiyanı giriş sözü ilə açan AŞPA-nın sədri Piter Şider bəzi ölkələrdə baş vermiş terror aktlarından minlərlə insanın həlak olduğunu xatırlatdı, beynəlxalq terrorizmin Avropanı ciddi təhlükə qarşısında qoyduğunu söylədi.
Sessiyanın gündəliyinə Qazaxıstanda keçirilmiş parlament seçkilərinin nəticələri, Serbiya və Çernoqoriyada demokratik təsisatların fəaliyyəti, Azərbaycan tərəfindən öhdəliklərin yerinə yetirilməsinə dair 1358 saylı qətnamənin həyata keçirilməsi, qadınların seçkilərdə iştirakı, insan hüquqları üzrə Avropa Məhkəməsinə hakimin seçilməsi, Avropa Şurasının üzvü olan dövlətlərdə terrorizmlə mübarizə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və dünya iqtisadiyyatı, Çeçenistanda siyasi və insan hüquqlarının vəziyyəti, Ermənistanın öhdəliklərinin yerinə yetirilməsinə dair 1361 və 1374 saylı qətnamələrin icrası, demokratik inkişafla bağlı yeni konsepsiyalar, Avropada təhsil və digər məsələlər daxildir.
AŞPA bürosunun qərarı ilə Rusiya-Gürcüstan münasibətlərinin növbədənkənar müzakirə edilməsi mübahisəyə səbəb oldu. Rusiyalı deputatın məsələnin gündəliyə salınması ilə bağlı etirazına baxmayaraq, avropalı deputatlar onu müzakirə etməyi qərara aldılar.
Vahid Afrika Parlamentinin sədri xanım Kertrud Mongellanın Afrika ölkələrində yaranmış böhranlı vəziyyətə dair çıxışı maraqla qarşılandı. Xanım Monqella Afrika ölkələrinin inkişaf baxımından Avropa dövlətlərindən geri qaldığını, qitədə tüğyan edən QİÇS nəticəsində 14 milyon uşağın valideynsiz böyüdüyünü, Sudanda yaranmış ağır vəziyyəti, qitənin bəzi ölkələrinin yoxsulluğun son həddində olduğunu və digər məsələləri deputatların nəzərinə çatdırdı və Avropa Şurasını Afrikanın çətin və ağır şəraitlə üzləşmiş ölkələrinə humanitar yardım göstərməyə çağırdı.
İtaliyalı deputat Tana de Zuluetanın Qazaxıstanda keçirilmiş parlament seçkilərinə dair məruzəsində və onun ətrafında müzakirələrdə seçkilərin yüksək səviyyədə keçirildiyi qeyd edildi.
Səməd Seyidov qonşuların Qazaxıstanda keçirilmiş seçkiləri dəstəklədiyini, ölkə rəhbərliyinin seçkilərlə əlaqədar Avropa Şurasına müraciət etməsinin müsbət hal olduğunu, demokratik inkişafa geniş meydan verildiyini yüksək qiymətləndirdi.
Bununla sessiya birinci iş gününü başa çatdırdı.