Aşqarlar Kimyası İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) YAP İlk Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir ərazi bütövlüyümüzün təmin olunması və qorunmasında şəhid olan qəhrəman igidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev çıxışında vurğulayıb ki, Milli Qurtuluş Günü ilə 44 günlük Qarabağ müharibəsinin tarixləri və hadisələri arasında bir bağlılıq var: “Çünki yenicə müstəqillik qazanmış respublikamız ermənilərin xarici havadarlarının açıq dəstəyilə Birinci Qarabağ müharibəsində faktiki uduzmuşdu. Səriştəsiz hakimiyyət və başıpozuq bir qrup dəstənin hesabına ordu yox olmuş, iqtisadiyyat dağılmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıdışı nəticəsində ilk növbədə vətəndaş müharibəsinin qarşısı alındı, ordu quruculuğu və iqtisadi inkişafa start verildi. Ona görə də 44 günlük Vətən müharibəsinin qələbəsinə nəzər salanda ilk növbədə Milli Qurtuluş Gününün əhəmiyyətini xüsusi vurğulamaq lazımdır”.
Vaqif Fərzəliyev diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti ölkəmizi hərbi, iqtisadi, siyasi nöqteyi-nəzərdən qüdrətli dövlətə çevirib. Xalq-iqtidar birliyi, bütün qüvvələrin “Dəmir yumruq” altında birləşməsi ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələndi. Vətən müharibəsi bir daha göstərdi ki, bundan sonra da daim bir yumruq olmalıyıq. Böyük qələbəni bizə qazandıran şəhidlərin ailə üzvlərini və qazilərimizi həmişə diqqətdə saxlamalı, onlara maddi-mənəvi qayğı ilə yanaşmalı, revanş hissi ilə yaşayan erməni qüvvələrinə qarşı həmişə ayıq-sayıq olmalıyıq.
İnstitutun YAP İlk Ərazi Təşkilatının sədri, kimya üzrə fəlsəfə doktoru Vəli Kazımov 1993-cü ilin iyun hadisələrindən, ölkəmizin dağılmaq təhlükəsi ilə üzləşməsi və ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən amillərdən bəhs edib.
Aşqarlar Kimyası İnstitutunun direktor müavini, YAP İdarə Heyətinin üzvü, dosent Əfsun Sucayev Vətən müharibəsində qazanılan Zəfərdən danışıb. O bildirib ki, Birinci Qarabağ müharibəsi başlananda çoxu heç anadan olmayan, işğal olunmuş rayon və kəndləri yalnız video və şəkillərdə görüb-sevən igid oğullarımız 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bizə qələbə qazandırdılar.
“Alimdən tutmuş adi peşə sahibinə, ziyalıdan sadə vətəndaşa qədər hər kəsin Vətən müharibəsindəki nəticələrdən özü, ətrafı üçün çıxardığı dərslər olmalıdır. İmkan düşən kimi özünü qaniçən, zalım, başkəsən, məğlub olanda dünyanın ən zavallı, məzlum toplumu kimi aparan bir qonşunun olduğunu heç zaman unutmamalıyıq. Bu baxımdan yaradılan Zəfər muzeyləri, Hərbi Qənimətlər Parkı biz və bizdən sonra gələn nəsillər üçün tarixdə yaşadıqlarımızı yaddan çıxarmamaqdan ötrü gözəl vasitədir”, - deyə Əfsun Sucayev qeyd edib.
AKİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səbiyə Osmanova, Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov çıxışlarında bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin gənclər üçün faydalı olduğunu vurğulayıblar.