ASTANADA AVRASİYA İQTİSADİ KLUBU YARADILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Astanada Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılan Avrasiya İqtisadi Klubunun təsis yığıncağı keçirilmişdir.
Yığıncaqda təsisçi ölkələr-Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Moldova, Almaniya, Estoniya və Macarıstanın nümayəndələri iştirak etmişlər.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Namiq Tağıyev tədbirdə iştirak etmişdir.
Klibun yaradılmasından məqsəd təsisçi ölkələrin iqtisadçı alimlərinin səylərinin birləşdirilməsi, ideya və təcrübə mübadiləsinin aparılması, bu ölkələrdə elmi konfransların keçirilməsi və treninqlərin təşkil olunması, məlumatların yeni üsulla qiymətləndirilməsi və müxtəlif təhlillərin aparılmasıdır.
İştirakçılar Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi yekdilliklə Avrasiya İqtisadi Klubunun fəxri prezidenti seçmişlər.
Rusiya Bazar Problemləri İnstitutunun direktoru Nikolay Petrakov yeni yaradılan Müşahidə Şurasının sədri təsdiq olunmuşdur.
Avrasiya İqtisadi Klubu çərçivəsində Astana iqtisadi forumu da keçirilmiş, professor Namiq Tağıyev burada rəqabət qabiliyyəti ilə əlaqədar məruzə etmişdir.