ASTANADA QARA QARAYEVİN 90 İLLİYİ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ YUBİLEY GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Qazaxıstandakı səfirliyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi ilə birgə böyük Azərbaycan bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anadan olmasının 90 illiyi ilə bağlı təntənəli yubiley gecəsi keçirmişlər.
Tədbirdə Qazaxıstan xarici işlər nazirinin müavini Anatoli Smirnov, TÜRKSOY-un sədri Düsen Kaseinov, tanınmış dirijor, professor Yalçın Adıgözəlov, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kadırbekova, Türkiyə, Rusiya, Böyük Britaniya, İtaliya, Ukrayna, Misir, İordaniya, Vatikan və digər ölkələrin səfirləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Yubiley gecəsini Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov açmış, Qara Qarayevin həyat və fəaliyyəti haqqında danışmış, böyük bəstəkarın Azərbaycan və dünya musiqi sənətinin inkişafındakı müstəsna xidmətlərindən söhbət açmışdır.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi yanında Mədəniyyət Komitəsinin sədri Arman Kırıkbayev Qara Qarayevi dünya şöhrətli bir bəstəkar olduğunu söyləmiş, ölkələrimiz arasında mədəniyyətlərarası dialoqun dərinləşdirilməsinin vacibliyini bildirmişdir.
Tədbirdə Qara Qarayev haqqında sənədli film nümayiş etdirilmiş, K.Bayseitova adına Qazaxıstan Milli Opera və Balet Teatrı simfonik orkestrinin ifasında (Yalçın Adıgözəlovun dirijorluğu ilə) böyük bəstəkarın əsərlərindən fraqmentlər səsləndirilmişdir.