Astanada Xocalı faciəsi qeyd olunmuşdur
Astana 25 fevral (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı Avrasiya Milli Universitetində (AMU) Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar mərasim keçirmişdir.
Tədbirdə Qazaxıstanın ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr, Azərbaycan diasporunun fəalları, jurnalistlər iştirak etmişlər.
Mərasim iştirakçıları Xocalı faciəsi ilə əlaqədar fotoşəkillərdən ibarət sərgiyə baxmışlar. Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Xocalı faciəsinin yaranma tarixi haqqında söhbət açmış, bir gecənin içində Xocalı sakinlərinin qəddarlıqla məhv edildiyini bildirmişdir. O gün qocalar, qadınlar, uşaqlar məhz azərbaycanlı olduqlarına görə öldürülmüş, körpələr süngüyə taxılmışdır. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə gördüyü işlər haqqında danışmış, dünya ölkələrində Xocalı faciəsinin tanındığını qeyd etmişdir. Diplomat şəhidlərin heç zaman unudulmayacağını, onların əziz xatirəsinin həmişə yad ediləcəyini vurğulamışdır. “Nur Otan” partiyasının fəallarından Kazbek Kaskenov, AMU-nun beynəlxalq münasibətlər fakültəsinin dekanı Baubek Somjurek, həmin fakültənin dosenti Aygerim Turxanova, Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ashad Şakirov, “Heydər” Respublika Gənclər Təşkilatının sədri Bəhruz Axundov ermənilərin işğalçılıq siyasətini pisləmiş, onların xalqımızın başına gətirdikləri cinayətləri lənətləmişlər. Sonra Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilmişdir. Xocalı faciəsi ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən göndərilmiş fotoşəkillərdən ibarət stendlər AMU və Qazaxıstan İqtisadiyyat, Maliyyə, və beynəlxalq Ticarət Universitetində nümayiş etdirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana