Astanada Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar mərasim keçirilmişdir
Astana, 24 fevral (AZƏRTAC). Azərbaycanın Qazaxıstandakı səfirliyi Astanadakı İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universitetində Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar mərasim keçirmişdir.
Tədbirdə Gürcüstan və Latviyanın Astanadakı səfirləri, Ukrayna, Belarus və Türkiyə səfirliklərinin əməkdaşları universitetin professor-müəllim heyəti, tələbələr, Qazaxıstan Xalqları Assambleyasının nümayəndələri, Qazaxıstan-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının və Azərbaycan diasporunun üzvləri, KİV nümayəndələri iştirak etmişlər.
Mərasimdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov Ermənistanın Azərbaycana təcavüzü haqqında ətraflı məlumat vermiş, 20 il bundan əvvəl ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının Azərbaycan xalqının başına gətirilən qanlı faciələrdən biri olduğunu bildirmiş, faciənin insanlıq əleyhinə amansız cinayət olduğunu diqqətə çatdırmışdır.
Z.Həşimov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi tərəfindən Xocalı faciəsinə siyasi qiymət verildiyini iştirakçıların diqqətinə çatdırmışdır. Səfir İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası və bu istiqamətdə dünya ölkələrində həyata keçirilən layihələr barədə geniş məlumat vermişdir.
Universitetin rektoru Sarsenqali Abdımanapov Xocalı soyqırımını yalnız azərbaycanlılara deyil, ümumən insanlığa qarşı törədilmiş bir cinayət olduğunu qeyd etmiş, dünya ölkələrində faciəyə hüquqi və siyasi qiymət verilməsinin vacibliyini vurğulamışdır.
Sonra universitetin professoru Serik Djalmakanov, tələbələr Dalila Amirova, Toqjan Kasenova, “Heydər” Azərbaycan İctimai Birliyinin sədri Bəhruz Axundov və diasporumuzun üzvü Sərfinaz Əliyeva çıxış edərək xalqımıza qarşı törədilmiş bu soyqırımını ötən əsrin ən böyük cinayəti kimi xarakterizə etmişlər.
Tədbirdə “Sözün bitdiyi zaman” sənədli filmi, həmçinin kitab və fotoşəkillərdən ibarət stend də nümayiş etdirilmişdir.
Mərasimdə “Xocalıya ədalət” kampaniyasının internet saytı (www.justiceforkhojaly.org) barədə iştirakçılara bir daha geniş məlumat verilmiş və rep üslubunda yazılmış “Xocalıya ədalət” klipi təqdim edilmişdir.
Tədbirdə Xocalı faciəsi ilə əlaqədar müxtəlif ədəbiyyat, səfirliyin məlumatlar toplusu və “Xocalıya ədalət” musiqi diskləri paylanılmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana