Astarada Qarabağ müharibəsi iştirakçılarının problemləri diqqətdə saxlanılır
Astara, 16 yanvar, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon İcra Hakimiyyətinin işçiləri Ojakəran kənd sakinləri, Vətən müharibəsinin iştirakçıları - qazi Şəhriyar və Ağalar Mərufov qardaşlarına baş çəkərək onların sağlamlığı və problemləri ilə maraqlanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1995-ci ildə Ojakəran kəndində anadan olan Mərufov Şəhriyar Xanlar oğlu 2014-cü ildə həqiqi hərbi xidmətə yollanıb. 2015-ci ildən isə Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam edib.
Şəhriyarın qardaşı Ağalar Mərufov 1993-cü ildə anadan olub, həqiqi hərbi xidməti başa vurduqdan sonra 2018-ci ildən Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam edib.
Vətən müharibəsi başlanan ilk gündən hər iki qardaş Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması və Ermənistanın təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatında döyüşlərdə iştirak edərək bir çox yaşayış məntəqələrimizin düşməndən azad edilməsində döyüş yoldaşları ilə birlikdə ən ağır əməliyyatlarda qəhrəmanlıqlar göstəriblər.
Şəhriyar Şuşa şəhəri uğrunda döyüşlərdə ağır yaralanıb, Ağalar isə sonadək döyüşlərdə iştirak edib.
Qəhrəman qardaşlar bundan sonra da Müzəffər Ali Baş Komandanın hər bir əmrini canla-başla yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
Qəhrəman döyüşçülərin atası Xanlar Mərufov və anası Rəşxəndə xanım oğlanlarının tarixi Qələbənin qazanılmasındakı xidmətlərindən qürur duyduğunu qeyd edərək, torpaqlarımızın işğaldan azad edilməsinə hədsiz sevindiklərini bildiriblər.
Valideynlər onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Mərufovlar ailəsinə ləyaqətli, vətənpərvər övladlar böyütdüyünə görə minnətdarlıq edərək igid döyüşçü Şəhriyara tezliklə sağlamlığına qovuşmağı arzulayıb.
Qeyd olunub ki, şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman zabit və əsgərlərimizin fədakarlığı ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. Bu azadlıq mübarizəsində ordumuz zəfər tarixi yazdı.
Diqqətə çatdırılıb ki, Birinci Qarabağ müharibəsində vahid komandanlıq olmadığı üçün ölkənin idarəetməsində olduğu kimi, orduda da pərakəndəlik, anarxiya var idi. Ona görə də torpaqlarımız vəhşi düşmənlər tərəfindən asanlıqla işğal edildi. Ermənilər uzun illər vandallıq edərək gözəl yaşayış məntəqələrimizi xarabazara çevirdilər. On minlərlə soydaşımız doğma yurd yuvasından qaçqın düşdülər.
Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycanımızın ordu quruculuğu ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra başladı. Prezident İlham Əliyev isə ordumuzu daha da gücləndirdi və dünyanın ən nizami orduları sırasına çıxardı. 44 günlük müharibədə bütün dünya bunun şahidi oldu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız haqq savaşı şanlı ordumuzun qələbəsi, düşmənin acı məğlubiyyəti ilə başa çatdı.
Müzəffər ordumuz 30 illik həsrətə son qoyaraq, ayrı-ayrı tarixi dövrlərdə ermənilər tərəfindən törədilən-Quba, Lənkəran, Şamaxı, Bakı, Xocalı soyqırımı qurbanlarının, həmçinin qətlə yetirilən digər soydaşlarımızın və bütün şəhidlərimizin qanını yerdə qoymadı.
Hazırda Qarabağımızda quruculuq işlərinə start verilib. İnanırıq ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə bu torpaqlar yenidən cənnətə çevriləcək və ölkəmizin ən gözəl məkanlarından biri olacaq.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə tezliklə şəfa versin, bütün əsgərlərimizin yar və yardımçı olsun. Amin!