ASTARADA UŞAQ MUĞAM İFAÇILARININ IV RESPUBLİKA MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
Dörd gün davam edən musiqi yarışmasında ölkəmizin 60-a yaxın şəhər və kəndlərindən gəlmiş 200 nəfər 18 yaşınadak olan yeniyetmə öz istedad və bacarığını nümayiş etdirdi.
Münsiflər heyətinin qərarı ilə Qurban Həsənov (Sumqayıt), Sərxan Qasımov (Gəncə), Nigar Məmişova (Şuşa), Elyana Məhərrəmli (Astara), Minaxanım Əliyeva (Bakı), İltizam Qasımov (Tərtər), Orxan Mirzəyev (Bərdə), Kamilə Nəbiyeva (İsmayıllı) və Nurlan Camalov (Kəlbəcər) uşaq muğam ifaçılarının IV respublika müsabiqəsinin qalibləri elan olunmuşlar.
Mərasimdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq İbadov, münsiflər heyətinin sədri, xalq artisti Canəli Əkbərov və rayon ziyalılar klubunun sədri, şair Seyran Emin çıxış edərək mədəniyyət nazirinin əmri ilə Astarada ənənəvi keçirilən tədbiri rayonun mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirmiş, milli mənəvi dəyərlərimizin, muğamlarımızın qorunub saxlanmasına, onun dünyada tanınmasına və gənc istedadların aşkara çıxarılmasına göstərdiyi qayğıya görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda müsabiqə iştirakçıları konsert proqramı ilə çıxış etmişlər.
Qaliblərin mükafatlandırılması mərasimi və onların iştirakı ilə yekun konserti Bakı şəhərində, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcəkdir.