CƏMİYYƏT
Astarada yeniyetmə və gənclərə narkomaniyanın sağlamlığa zərərli təsiri barədə məlumat verilib



Bakı, 1 dekabr, AZƏRTAC
Astara Pedaqoji Kollecində “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planı”na müvafiq olaraq, sağlam həyat tərzinin təbliği ilə bağlı “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Bu barədə AZƏRTAC-a Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Tədbir Astara Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyası və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə birgə təşkil edilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısının müavini, Gənclər və İdman regional idarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun məsul nümayəndələri, kollecin direktoru və müəllim heyəti narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Sonda “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılıb.