ATƏT Azərbaycan Ombudsmanı ilə əməkdaşlıqda maraqlıdır
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüşdə insan hüquqları sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.
E.Süleymanova beynəlxalq təşkilatlarla, həmçinin ATƏT ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlığa önəm verdiyini vurğulayıb. Fəaliyyəti dövründə bu qurumla birlikdə, tanınmış beynəlxalq ekspertlərin qatıldığı maarifləndirmə tədbirlərinin keçirildiyini, səmərəli təcrübə mübadiləsinin aparıldığını, həmçinin müvəkkilin regional əməkdaşları üçün treninq-seminarların təşkil olunduğunu bildirib.
Müvəkkil Avropa Şurasının və Avropa İttifaqının həyata keçirdikləri layihələrdə, o cümlədən “Tvinninq” və “Şərq Tərəfdaşlığı” layihələrində Ombudsman təsisatının fəal iştirak etdiyini, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyini söyləyib.
B.Vela təmsil etdiyi qurumun Azərbaycan Ombudsmanı ilə əməkdaşlıqda maraqlı olduğunu, insan hüquqları sahəsində qarşılıqlı əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qonaq çalışdığı təşkilatın mandatına dəyişikliklər edildikdən sonra fəaliyyətin daha çox ixtisaslaşdırıldığını qeyd edib. Ombudsman təsisatlarının institusional imkanlarının artırılması, hüquqi xidmətlər göstərməsi istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib. İnsan hüquqlarının təmin edilməsi sahəsində qarşılıqlı əlaqələrin faydalı olduğunu, hər iki tərəfin imkanlarından səmərəli istifadə etməklə birgə layihələrin həyata keçiriləcəyi və Ombudsman təsisatının fəaliyyətinə dəstək veriləcəyi diqqətə çatdırılıb.