ATƏT-İN MÜŞAHİDƏ MİSSİYASI PREZİDENT SEÇKİLƏRİNİN DEMOKRATİK KEÇİRİLMƏSİNDƏ MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun prezident seçkilərini müşahidə missiyasının rəhbəri Boris Fırles mətbuat konfransı keçirmişdir.
O demişdir ki, seçkiqabağı vəziyyəti öyrənmək üçün Azərbaycana gəlmiş bu missiyaya 10 ölkədən 12 nəfər daxildir. Onlar artıq Azərbaycanın Xarici İşlər Nazirliyində, Mərkəzi Seçki Komissiyasında bir sıra görüşlər keçirmişlər. Yaxın günlərdə isə Azərbaycana 20 ölkədən daha 28 nəfər gələcəkdir. Müşahidəçilər seçkiqabağı vəziyyəti düzgün qiymətləndirmək üçün prezidentliyə namizədlər, seçkilərdə iştirak edən və etməyən siyasi partiyaların, siyasi blokların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, eləcə də media nümayəndələri ilə görüşəcəklər. Əsas məqsəd beynəlxalq standartlara cavab verən, şəffaf, demokratik və azad seçki keçirilməsinə nail olmaqdır. Bunun üçün ATƏT tövsiyələr də hazırlamışdır.
Müşahidə missiyası seçkilərlə əlaqədar sentyabrın sonlarında, oktyabrın əvvəllərində və səsvermədən bir gün sonra hesabatlar yayımlayacaqdır. Siyasi xarakterli yekun sənəd isə səsvermədən iki ay sonra açıqlanacaqdır.
B.Fırlesin dediyinə görə, ATƏT - DTİHB-nin qısamüddətli müşahidə missiyası isə səsverməyə üç gün qalmış Azərbaycana gələcəkdir.
Sonda ATƏT-in müşahidə missiyasının rəhbəri jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
######
