ATMU-da “Turizm işçiləri günü” qeyd olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Hər il sentyabrın 29-u Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edilir. Bu əlamətdar gün münasibətilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Turizm işi kafedrasının “Turizm” dərnəyinin təşəbbüsü ilə tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə kafedranın müdiri dosent Hafiz Hüseynov turizmin prioritet istiqamətlərindən, eyni zamanda, peşəkar kadr hazırlığında təhsil və təcrübənin əhəmiyyətli rolundan ətraflı bəhs edib. Universitetin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov isə turizmin inkişaf perspektivlərindən ətraflı danışıb.
Sonda kafedranın müəllimi Ülkər İbadlının “Azərbaycanda turizmin inkişafında təhsilin rolu”, ATMU Tələbə Elmi Cəmiyyətinin sədri Abas Yusifzadənin “Turizmdə gənclərin rolu” mövzusunda məruzələri dinlənilib.
Tədbirdə Turizm işi kafedrasının professor-müəllim heyəti, struktur əməkdaşları, həmçinin turizm işinin təşkili ixtisasının bir qrup tələbəsi iştirak edib.