Avrasiya Patent İdarəsinin ekspertləri Əqli Mülkiyyət Agentliyində təlim keçiblər
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində Avrasiya Patent İdarəsinin (APİ) ekspertləri tərəfindən təlim keçirilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə APİ-nin informasiya texnologiyaları şöbəsinin mütəxəssisləri Denis Zastavnıy və Aleksandr Somov təmsil olunduqları təşkilatın online sistemi haqqında təqdimatla çıxış ediblər. Ekspertlər vahid Avrasiya patenti, online sistem vasitəsilə iddia ərizələrinin verilməsi qaydası, elektron mübadilə sistemi və digər mövzular haqqında ətraflı məlumat veriblər.
Təlimdə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşları, o cümlədən iddia ərizələrini APİ-yə təqdim etmiş patent müvəkkilləri və iddiaçılar iştirak ediblər.
Qeyd edək ki, təlimlər APİ-nin prezidenti xanım Saule Tlevlesovanın cari il dekabrın 4-də ölkəmizə səfəri zamanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ilə görüşündə əldə olunan razılaşmaya əsasən keçirilib.