“Avro-2016”nın seçmə mərhələsində keçirilən 258 oyunda qapılara 675 qol vurulub
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 13-də oynanılan 9 qarşılaşma ilə 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 9 qrupda 53 milli komandanın mübarizə apardığı seçmə mərhələdə keçirilən 258 matçda qapılara 675 qol vurulub. Orta məhsuldarlıq hər oyuna 2,62 qol təşkil edib. Seçmə mərhələnin ən məhsuldar futbolçusu isə Polşa millisinin hücumçusu Robert Levandovski olub. O, rəqib qapılarına 13 dəfə yol tapa bilib.
Əvvəlki çempionatlardan fərqli olaraq, “Avro-2016”da 24 komanda mübarizə aparacaq. Ev sahibindən və doqquz qrupun hər birində ilk iki yeri tutan millilərdən başqa, bir komanda - qruplarda ən çox xal yığan üçüncü yerin sahibi də final mərhələsinə birbaşa vəsiqə qazanır. Yerdə qalan dörd komanda isə digər qruplarda üçüncü sırada qərarlaşan səkkiz komanda arasında keçiriləcək pley-off mərhələsindən sonra məlum olacaq.
Seçmə mərhələdən sonra 19 komanda Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib (Fransa ev sahibi olduğu üçün təsnifat görüşləri keçirmədən final mərhələsində oynamaq hüququ qazanıb). Səkkiz komanda isə yerdə qalan dörd vəsiqə uğrunda pley-off mərhələsində mübarizə aparacaq.
Final mərhələsinə “A” qrupundan Çexiya və İslandiya, “B” qrupundan Belçika və Uels, “C” qrupundan İspaniya və Slovakiya, “D” qrupundan Almaniya və Polşa, “E” qrupundan İngiltərə və İsveçrə, “F” qrupundan Şimali İrlandiya və Rumıniya, “G” qrupundan “Avstriya və Rusiya, Azərbaycan millisinin də yer aldığı “H” qrupundan İtaliya və Xorvatiya, “I” qrupundan isə Portuqaliya və Almaniya vəsiqə qazanıblar. Türkiyə millisi isə ən çox xal yığan qrup üçüncüsü kimi Fransada oynamaq hüququ əldə edib. Macarıstan, Ukrayna, Norveç, Danimarka, İsveç, İrlandiya, Bosniya və Herseqovina və Sloveniya yığma komandaları isə final mərhələsinə vəsiqə uğrunda pley-off-da mübarizə aparacaqlar. Pley-off mərhələsinə noyabrın 17-də yekun vurulacaq.
Ümumiyyətlə, final mərhələsinə ən erkən vəsiqəni sentyabrın 5-də “E” qrupunda mübarizə aparan İngiltərə millisi təmin edib. Bu mərhələdə ən yaxşı nəticəni məhz ingilislər göstəriblər. Ada təmsilçiləri seçmə mərhələdə keçirdikləri on oyunun hamısında qalib gəliblər. Seçmə mərhələdə İngiltərə millisi ilə yanaşı, Avstriya, İtaliya və Rumıniya yığmaları da məğlub olmayıb.
Bu mərhələdə Polşa millisi bir çox cəhətdən fərqlənib. Belə ki, seçmə mərhələdə ən çox qol vuran komanda məhz Polşa olub. Polşalılar 10 oyunda 33 qol vurublar. Ən məhsuldar futbolçuların siyahısına da polşalı Robert Levandovski başçılıq edib - 13 top. Bundan başqa, ötən il oktyabrın 11-də Polşanın Almaniya üzərində 2:0 hesablı qələbəsi almanların son yeddi ildə mötəbər çempionatların təsnifat mərhələlərində ilk məğlubiyyəti olub. Seçmə mərhələnin ən məhsuldar oyunu da məhz Polşa-Cəbəllütariq (8:1) qarşılaşmasında qeydə alınıb - 9 qol.
Seçmə mərhələdə qola ən az sevinən yığma komanda San-Marino olub - 1 top. Qapısında ən az top görən kollektiv Rumıniya yığmasıdır - 2 qol. Ən çox top buraxan komanda (56 qol) isə Cəbəllütariq millisidir.
Latviya, Andorra, Cəbəllütariq, San-Marino, Moldova, Malta və Ermənistan yığmaları seçmə mərhələdə qələbə üzünə həsrət qalıblar.
İslandiya, Şimali İrlandiya, Uels, Albaniya və Slovakiya isə ilk dəfə olaraq Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.
“Avro-2016”nın seçmə mərhələsində “H” qrupunda mübarizə aparan Azərbaycan milli komandası keçirdiyi on oyunun birində qələbə qazanıb, üçündə isə heç-heçə edib. Milli komandamız bu mərhələdə 6 xalla qrupu beşinci sırada tamamlayıb. Komandamız 7 qol vurub, 18 top buraxıb. Azərbaycan millisi dəqiq ötürmələrin sayına görə (3445) 22-ci sırada qərarlaşıb.
Xatırladaq ki, Avropa çempionatlarının seçmə mərhələlərində 1996-cı ildən mübarizəyə qoşulan Azərbaycan milli komandası ən yaxşı nəticəni bundan əvvəlki qitə birinciliyinin təsnifat yarışlarında göstərib. Həmin vaxt keçirdiyi on görüşdə iki qələbə qazanan millimiz bir dəfə də heç-heçə edərək 7 xal toplamışdı.
“Avro-2016”nın final mərhələsi gələn il iyunun 10-dan iyulun 10-dək Fransanın on şəhərində keçiriləcək. Bununla da Fransa 1960-cı və 1984-cü il çempionatlarından sonra üçüncü dəfə qitə birinciliyinə ev sahibliyi edəcək.