“AVROASİYA – 2002” BEYNƏLXALQ İQTİSADİ FORUMU KEÇİRİLMİŞDİR
Qazaxıstanın Almatı şəhərində “Avroasiya-2002” Beynəlxalq İqtisadi forumu öz işini başa çatdırmışdır. Sammitdə Orta Asiya, Qafqaz dövlətləri, həmçinin Rusiya, İran, Türkiyə, Ukrayna və başqa ölkələrin dövlət və hökumət başçıları, baş nazirin müavinləri, o cümlədən beynəlxalq maliyyə qurumlarının rəhbərləri, dünya bankının, Avropa və İslam İnkişaf Banklarının başçıları, Qərbi Avropa və ABŞ-ın bir sıra şirkətlərinin nümayəndələri iştirak etmişlər.
Respublikamızı bu sammitdə Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Tədbirdə Orta Asiyada təhlükəsizlik, terrorizmlə mübarizə, Əfqanıstanda sabitliyin bərpa olunması, Xəzər dənizinin enerji ehtiyatlarından istifadə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin aktuallığı və digər məsələlər diqqət mərkəzində olmuşdur.
Sammitdə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Əsgər Akayev, Tacikistan Prezidenti İmoməli Rəhmonov, Rusiya baş nazirinin müavini Viktor Xristenko, Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov öz ölkələrində aparılan iqtisadi islahatlardan söhbət açmışlar.
Sammitdə deyilmişdir ki, Xəzər dənizi Avroasiyanın mühüm strateji regionudur. Xəzərin neft ehtiyatlarının istismarında bir çox ölkələrin böyük şirkətləri iştirak edir. Xəzər sülh şəraitində inteqrasiya və iqtisadi əməkdaşlıq regionuna çevrilməlidir.
İqtisadi forumda enerji və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi üçün Böyük İpək Yolunun vacibliyindən və TRASEKA layihəsinin aktuallığından da söhbət açılmışdır.
Azərbaycan nümayəndə heyətinin üzvləri sammitin bölmələr üzrə keçirilən iclaslarında respublikada hazırkı iqtisadi vəziyyət, xarici ölkələrlə bağlanmış neft müqavilələri, enerji daşıyıcılarının dünya bazarına çıxarılması və başqa məsələlər barədə məlumat vermişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı