SİYASƏT
“AVROASİYA” KANALINDA AZƏRBAYCAN PROQRAMLARI
Qazaxıstan radiosunun “Avroasiya” kanalı ilə efirə gedən verilişləri indən belə dünyanın hər yerində dinləmək mümkün olacaqdır. “Avroasiya” kanalında Azərbaycan, alman, türk, uyğur, tatar, Koreya dillərində və başqa dillərdə gündəlik və ya həftəlik proqramlar hazırlanır. Hər şənbə günü saat 10.40 dəqiqədə Azərbaycan dilində yayımlanan iyirmi dəqiqəlik proqramda Qazaxıstan və Azərbaycanla bağlı informasiyalar, xalqımızın ədəbiyyatı, incəsənəti, mədəniyyəti və tarixi ilə bağlı məlumat verilir.
Hər həftənin cümə günləri saat 19.30 dəqiqədə isə bu kanalda Azərbaycan musiqisi səslənir. Qazaxıstanda muğam, təsnif və xalq mahnılarımızın dinləyiciləri daha çoxdur.
Azərbaycan proqramlarının rəhbəri və aparıcısı, azərbaycanlıların Almatıdakı “Turan” konqresinin sədri Müseyib Novruzov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
- Almatıda Azərbaycan dilində proqramlar 1992-ci il mayın 28-dən efirə gedir. Bu müddətdə dinləyicilərimizin sayı xeyli artmışdır . Qazaxıstanda yaşayan soydaşlarımızla tez-tez radio görüşləri keçiririk. İndi Dünya azərbaycanlılarının Bakıda keçiriləcək 1qurultayına Qazaxıstandan seçilmiş nümayəndələrlə söhbətlər veririk. Biz “Turan” konqresinin, Qazaxıstanın vilayətlərində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin işini də geniş işıqlandırırıq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı