AVROPA BİRLİYİ AZƏRBAYCANIN AVROPADA QONŞULUQ SİYASƏTİNƏ CƏLB OLUNMASI BARƏDƏ QƏRAR QƏBUL ETMİŞDİR
Avropa Birliyi Şurasına təqdim edilmiş bu tövsiyələr Avropa Parlamenti tərəfindən 2003-cü il noyabrın 5-də və Avropa Komissiyası tərəfindən 2004-cü il mayın 12-də qəbul edilmişdir.
“Daha geniş Avropa – qonşuluq: bizim şərqi və cənubi qonşularımızla əlaqələr üçün yeni çərçivə” adlı təşəbbüs 2003-cü il martın 11-də Avropa Komissiyası tərəfindən elan edilmişdir. Təşəbbüsün qəbul olunmasından əsas məqsəd bir sıra dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə gələcək 10 ildə əlaqələrin inkişaf etdirilməsi üçün yeni əməkdaşlıq çərçivələrinin yaradılmasıdır.
Təşəbbüsdə Avropa Birliyinə qarşıdan gələn 10 il müddətində “dostlar dairəsi” adlandırılan mehriban qonşuluq və tərəqqi məkanının yaradılması istiqamətində yaxın qonşu dövlətlərlə birgə işin aparılması və səylərin göstərilməsi tövsiyə edilmişdir.
Avropa Birliyinin bu istiqamətdə aparacağı siyasətə gəldikdə isə, təşəbbüsə daxil olan hər bir ölkə üzrə Assosiasiya, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri çərçivəsində Fəaliyyət Planı hazırlanıb həyata keçiriləcəkdir.
Bu qərarın qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin may ayında Brüsselə uğurlu səfərinin və Avropa Birliyində keçirdiyi çoxsaylı görüşlərinin nəticəsidir.
Azərbaycan dövləti Avropa Birliyinin Brüsseldə keçirilmiş Zirvə toplantısında ölkəmizin “Daha geniş Avropa - qonşuluq: bizim şərqi və cənubi qonşularımızla əlaqələr üçün yeni çərçivə” proqramına daxil edilməsi barədə qəbul olunmuş qərarı alqışlayır və belə hesab edir ki, bu qərar Azərbaycan və Avropa Birliyi arasında sıx tərəfdaşlıq münasibətlərinin qurulmasında və fərdi xidmətlər əsasında əməkdaşlıq mexanizmlərinin təzələnməsi və münasibətlərimizə yeni elementlərin gətirilməsində mühüm rol oynayacaqdır.
Azərbaycan, eyni zamanda, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin qorunması və möhkəmləndirilməsinə, regionun inkişafına Avropa Birliyinin göstərdiyi marağı alqışlayır, xüsusilə də AB-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha fəal qoşulacağına ümid bəsləyir.