DÜNYA
Avropa İttifaqı koronavirusla mübarizədə Hindistana yardım vəd edir
Bakı, 26 aprel, AZƏRTAC
Avropa İttifaqı son günlər koronavirus epidemiyasının sürətlə yayıldığı Hindistana konsolidasiya yardımı göstərmək üçün mülki müdafiə mexanizmini aktivləşdirib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Brüsseldə keçirilən mətbuat konfransında deyib.
“Hindistanda ağır sanitar vəziyyət nəzərə alınaraq Avropa İttifaqının mülki müdafiə mexanizmi aktivləşdirilib. Hindistan tibbi oksigen və remdesivir kimi dərmanların çatdırılmasını xahiş edib”,- deyə nümayəndə bildirib. Onun sözlərinə görə, artıq İrlandiya Hindistana 700 oksigen konsentratı təklif edib, Fransa və Almaniya isə yardım vəd veriblər. Hazırda Avropa İttifaqının digər dövlətləri ilə bu mexanizm vasitəsilə Hindistana yardım göstərilməsi imkanları nəzərdən keçirilir.
Qeyd edək ki, Hindistan koronavirusa yoluxma hallarına görə, dünyada ikinci yerdə qərarlaşıb. Pandemiyanın statistikasını aparan Worldometer saytının aprelin 25-nə olan məlumatına əsasən, Hindistanda koronavirusa 17 milyon 313 mindən çox insan yoluxub, həyatını itirənlərin sayı 195 min nəfəri ötüb. Son günlər ölkədə 350 mindən çox sutkalıq yoluxma halı müşahidə olunur.