SİYASƏT
Avropa İttifaqının yoxsul ölkələrindən zəngin ölkələrinə immiqrasiya haqqında məsələ Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs zirvə görüşünün gündəliyinə salınmışdır
Vilnüs, 28 noyabr (AZƏRTAC). Bəzi Şərqi Avropa ölkələrindən olan immiqrantların Qərbi Avropa ölkələrində olmasına daha sərt normaların tətbiqi barədə məsələ “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin noyabrın 28-də Vilnüsdə açılan zirvə görüşünün gündəliyinə salınmışdır.
Böyük Britaniya, Almaniya və Fransa Şərqi və Cənubi Avropanın yoxsul ölkələrinin vətəndaşlarının onların milli sosial təminat sistemlərindən istifadəsinin məhdudlaşdırılmasına vahid yanaşma işləyib hazırlamaq məqsədi ilə bir gün əvvəl məsləhətləşmələr aparmışlar.
Birləşmiş Krallığın Baş naziri Devid Kemeron noyabrın 27-də işçi qüvvəsinin Avropa İttifaqı daxilində sərbəst yerdəyişməsini məhdudlaşdırmaq təşəbbüsü ilə çıxış etmişdir. Londonun fikrincə, Aİ ölkəsi yalnız ümumi daxili məhsulun ölçülərinə görə müəyyən səviyyəyə çatdıqdan sonra onun vətəndaşları Avropa İttifaqının zəngin ölkələrində məhdudiyyətsiz yaşayıb-işləyə bilərlər.
Berlin və Paris hələlik belə radikal əhval-ruhiyyə nümayiş etdirmir. Lakin onlar Aİ-də sosial təminat, təhsil və səhiyyə sistemlərindən istifadəni, habelə Şərqi Avropa ölkələrindən gəlmələrə dövlət fondundan mənzil ayrılmasını xeyli məhdudlaşdıracaq yeni normaların tətbiqi imkanını Britaniya hökuməti ilə bərabər öyrənməyə hazırdırlar.
Almaniya və Fransa ehtiyat edirlər ki, bu sahəyə nəzarət edilməsə, may ayında Avropa Parlamentinə seçkilərdə ifrat sağ yönümlü partiyalar uğur qazanıb Aİ-yə inteqrasiya prosesini daha da çətinləşdirə bilərlər.
Nigar Cəfərli
AZƏRTAC -ın xüsusi müxbiri
Vilnüs