DÜNYA
Avropa Komissiyası cari il üçün Litvanın ÜDM-in artım proqnozunu 5 faizə qədər proqnozlaşdırır
![Avropa Komissiyası cari il üçün Litvanın ÜDM-in artım proqnozunu 5 faizə qədər proqnozlaşdırır](/files/2021/3/1200x630/16367763494823042886_1200x630.jpg)
Vilnüs, 13 noyabr, AZƏRTAC
Avropa Komissiyası (AK) nəzərəçarpacaq dərəcədə artan ixrac, güclü daxili tələbat və çoxalan sərmayə ilə dəstəklənən Litva iqtisadiyyatının artımının bu il 5 faiz təşkil edəcəyini proqnozlaşdırır.
AZƏRTAC Litva mətbuatının istinadla xəbər verir ki, AK-yə əsasən, 2022-ci ildə Litvanın ÜDM-in artımı 3,6 faiz təşkil etməlidir.
Bildirilib ki, Litva iqtisadiyyatına yaxşı maliyyə vəziyyəti, artan ailə gəlirləri və qənaət edilmiş vəsaitlər müsbət təsir göstərəcək. Pandemiya ilə bağlı vəziyyətin pisləşməsi və bununla bağlı ehtimal olunan məhdudiyyətlər iqtisadi artım üçün əsas mənfi risk olaraq qalır.
Enerji daşıyıcıları, sənaye malları və xidmət qiymətlərinin artımının səbəb olacağı orta illik inflyasiyanın bu il 3,8 faiz (2020-ci ildə 1,1 faiz) təşkil edəcəyi proqnozlaşdırılır. Buna baxmayaraq, enerji resurslarının qiymətləri dəyişdikcə və bazarlarda tədarükün kəsilməsi normallaşdıqca inflyasiya tədricən aşağı düşəcək və 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə isə 2 faiz təşkil edəcək.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs