Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı işğalçı ölkəyə növbəti “hüquqi sillə” oldu
Bakı, 12 iyun, AZƏRTAC
Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı işğalçı ölkəyə növbəti “hüquqi sillə” oldu. Çünki həmin bəyanatla Avropa İttifaqı bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Bəyanatda magistral yolun çəkilişi üçün Ermənistanın Azərbaycanın müvafiq dövlət qurumlarından icazə almamasının beynəlxalq hüququn pozulması kimi əks etdirilməsi ilə Avropa İttifaqı faktiki olaraq Dağlıq Qarabağın həm coğrafi, həm də siyasi-hüquqi sahibinin Azərbaycanın olduğunu qəbul etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Ermənistanın Dağlıq Qarabağı birləşdirən üçüncü yolun çəkilişinə cəhd göstərməsinin bir neçə amildən irəli gələ biləcəyini qeyd edən Sədaqət Vəliyeva bildirib: “Hər kəs bilir ki, Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar nəzarətə götürülüb. Bu mənada, Ermənistan xeyli xərc çəkib yeni yol çəkməklə hərbi manevr etməyə, qanunsuz məskunlaşdırmanı davam etdirməyə, təbii sərvətlərin talanına, istismarına, daşınmasına, narkotik vasitələrin tranzitinin gücləndirilməsinə nail olmağa cəhd edə bilər. Ümumiyyətlə, üçüncü magistral yolun çəkilməsi cəhdləri bir daha Ermənistanın qeyri-qanuni işğalçılıq siyasətini möhkəmləndirməsinə və Azərbaycan ərazilərinin ilhaqını davam etdirməsinə hesablanıb. Bu səbəbdən də Ermənistanın bu cür qanunsuz əməlləri onun beynəlxalq öhdəliklərinə ziddir, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
“Beynəlxalq hüquq Azərbaycan haqq işini dəstəkləyir və müdafiə edir”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin üzvlərinin qətnamə və bəyanatları işğalçı ölkəyə ünvanlanmış konkret çağırış və tələblərdir. “Amma bütün bunlarla yanaşı, dünya dövlətləri də, xüsusilə ikili standartlar siyasəti yürüdənlər, hüququ istismar edənlər də ortaya mövqe qoymalıdırlar. Artıq zamanıdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, beynəlxalq öhdəliklərini pozduğu üçün işğalçı ölkə cəzalandırılsın”, - deyə deputat bildirib.
Ermənistanın qeyri-qanuni hərəkətlərinin, magistral yolun çəkilişi cəhdlərinin müharibənin yenidən alovlanmasına da səbəb ola biləcəyini deyən Sədaqət Vəliyeva vurğulayıb: “Əgər bölgədə hərbi vəziyyət gərginləşərsə, bunun məsuliyyəti əlbəttə ki, Ermənistanın üzərinə düşəcək. Ona görə də beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar müharibə təhlükəsini nəzərə alaraq, Ermənistanın təxribatçı əməllərinə cavab olaraq qabaqlayıcı addımlar atmalıdırlar”.