AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN SƏDRİ APRELİN SONLARINDA AZƏRBAYCANA SƏFƏR EDƏCƏYİNİ BİLDİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 15-də günün ikinci yarısında öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Nazirlər Komitəsinin hazırda fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubiş rəhbərlik etdiyi qurumun sessiyalararası fəaliyyəti barədə məlumat vermiş, digər beynəlxalq təşkilatlar - BMT, ATƏT və Avropa İttifaqı ilə əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülmüş işlərdən bəhs etmişdir.
Cənubi Qafqaz bölgəsindəki vəziyyətə toxunan sədr Nazirlər Komitəsi nümayəndə heyətinin Ermənistana və Azərbaycana səfərini xatırlatmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Yan Kubiş prezident seçkilərindən sonrakı hadisələrlə bağlı Ermənistana səfəri, burada dövlət rəsmiləri, müxalifət qüvvələri və ictimaiyyətin nümayəndələri ilə apardığı danışıqlar barədə deputatlara məlumat vermişdir.
Nazirlər Komitəsinin sədri aprelin sonlarında Azərbaycana səfər edəcəyini bildirmişdir.
Sonra Yan Kubiş ənənəvi olaraq deputatların yazılı şəkildə Nazirlər Komitəsinə ünvanladıqları suallara cavab vermişdir.
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair sualına cavabında Yan Kubiş bildirmişdir ki, Ermənistan və Azərbaycan Avropa Şurasına üzvlüyə qəbul zamanı münaqişənin tezliklə sülh yolu ilə həlli barədə öhdəliklər götürmüşdülər. Sədr münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə tərəfdar olduğunu söyləmiş və Avropa Şurasının bu prosesdə hər iki tərəfə yaxından kömək göstərməyə hazır olduğunu bildirmişdir.
Yan Kubiş Azərbaycan və erməni icmaları nümayəndələrinin keçən ilin dekabrında İsveçdə keçirilmiş görüşünü münaqişənin dinc yolla həlli istiqamətində mühüm addım kimi qiymətləndirmiş və aprelin sonlarında Azərbaycana səfəri zamanı bu məsələni müzakirə edəcəyini diqqətə çatdırmışdır.