“AVROVİZİYA MAHNI MÜSABİQƏSİ-2008”DƏ TÜRKİYƏNİ “MOR VƏ ÖTƏSİ” QRUPU TƏMSİL EDƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, mayın 9-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkəni “Avroviziya mahnı müsabiqəsi-2008”də təmsil edəcək “Mor və ötəsi” qrupunun üzvləri mətbuat konfransı keçirmişlər.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iştirakçıları salamlayaraq bildirmişdir ki, bu günlərdə Azərbaycanın hər yerində ulu öndər Heydər Əliyevin 85 illik yubileyi yüksək səviyyədə qeyd edilir.
Səfir demişdir ki, Belqradda keçiriləcək möhtəşəm musiqi yarışında Türkiyəni təmsil edəcək “Mor və ötəsi” qrupunun üzvləri bu gün qardaş ölkədədirlər.
Azərbaycan və Türkiyə təmsilçilərinin “Avroviziya mahnı müsabiqəsi-2008”də birinci və ikinci yerləri tutacaqlarına ümidvar olduğunu söyləyən H.Kılıç hamını onları dəstəkləməyə dəvət etmişdir.
Jurnalistlərin suallarını cavablandıran qrup üzvləri bildirmişlər ki, Azərbaycandan öncə onlar bir çox ölkələrdə olmuşlar və Bakıda özlərini vətənlərindəki kimi hiss edirlər.
“Mor və ötəsi” qrupunun 13 ildir fəaliyyət göstərdiyini söyləyən qonaqlar ötən dövr ərzində Türkiyədə və onun hüdudlarından kənarda 500-dən çox konsert proqramı ilə çıxış etdiklərini və 5 albomlarının işıq üzü gördüyünü diqqətə çatdırmışlar. Onlar bildirmişlər ki, arzumuz Türkiyə musiqisini dünyaya ideal formada çatdırmaqdır.
Bir çox ölkələrin sənətçilərindən fərqli olaraq müsabiqədə ingilis dilində deyil, türk dilində mahnı ifa edəcəklərini söyləyən qrup üzvləri vurğulamışlar ki, bunun səbəbi vətənlərinə olan sonsuz sevgiləri ilə bağlıdır.
Musiqinin mətnindən çox onun melodiyasına üstünlük verdiklərini bildirən türkiyəli qonaqlar bildirmişlər ki, əgər musiqi xoşa gələrsə, onda sözlərin də əhəmiyyətinə fikir veriləcəkdir.
“Avroviziya-2008” müsabiqəsində rekord sayda - 43 ölkə iştirak edəcəkdir. Bu ölkələr arasında Azərbaycan və San-Marino müsabiqəyə ilk dəfə qatılırlar. Mayın 20-də və 22-də Belqradda müsabiqənin yarımfinalı keçiriləcəkdir. Ayın 24-də keçiriləcək final yarışmasında ifaçıların sayca çoxluğuna baxmayaraq, bir nəfər qalib adını qazanacaq və onun təmsil olunduğu ölkə növbəti ildə bu müsabiqəyə ev sahibliyi edəcəkdir.
######
