AVSTRİYADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ
Ölkəmizin Avstriyadakı səfirliyindən bildirmişlər ki, aprelin 17-də Vyananın tarix muzeyində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır. Mərasimdə muzeyin direktoru doktor Günter Düriql, Avstriyanın “Kulturkontakt” cəmiyyətinin sədri Kurt Vaqner və respublikamızın mədəniyyət naziri Polad Bülbüloğlu çıxış etmişlər. Sonra qonaqlar sərgi ilə tanış olmuşlar.
Həmin gün Avstriyanın Milli Kitabxanasında Azərbaycan əlyazmaları sərgisinin açılışı olmuşdur. Kitabxanada Nizami Gəncəvinin “Xəmsə”sinin rəngli miniatürlərlə işlənmiş qədim əlyazması, Xaqani Şirvani, Mahmud Şəbüstəri, Əssar Təbrizi, Məhəmməd Füzuli və Saib Təbrizinin əsərlərinin 17 əlyazması saxlanılır. Respublikamızın Prezidenti Heydər Əliyevin kitabxanaya ünvanladığı məktuba əsasən, Azərbaycan hökuməti “Xəmsə”nin əlyazmasının bərpasını maliyyələşdirəcəkdir. Əlyazma bərpa olunduqdan sonra Avstriya Milli Kitabxanasında nümayiş etdiriləcək və onun bir surəti Azərbaycana veriləcəkdir.
Avstriyanın təhsil, elm və mədəniyyət naziri Elizabet Gererin də iştirak etdiyi açılış mərasimində kitabxananın baş direktoru İohanna Raxinger, əlyazmaların bərpası şöbəsinin müdiri doktor Marqaret Ştrassniq-Baxner, əlyazmalar şöbəsinin müdiri professor Ernst Qamilşek çıxış etmişlər. Avstriya Ədəbiyyat Cəmiyyətinin sədri Marianna Qruber Azərbaycan ədəbiyyatı barədə çıxışında bu ədəbiyyatın müxtəlif dövrlərindən, ölkəmizin Şərq ilə Qərbın qovuşuğunda yerləşməsinin ədəbiyyatda da öz əksini tapmasından danışmışdır. Nazir Polad Bülbüloğlu Azərbaycan ədəbiyyatına aid əlyazmaların kitabxanada qayğı ilə qorunmasını yüksək qiymətləndirmişdir.
Sonra ölkəmizin Avstriyadakı səfiri Vaqif Sadıqov Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin kitabxanaya ünvanlanmış məktubunu oxumuşdur. Respublikamızın Prezidenti kitabxananın fəaliyyətini yüksək qiymətləndirir, burada saxlanılan Azərbaycan əlyazmalarına göstərilən yüksək qayğıya görə öz təşəkkürünü bildirir. Dövlətimizin başçısı bu əlyazmalar arasında Nizami Gəncəvinin “Xəmsə”sinin böyük əhəmiyyət kəsb etdiyini, bərpa olunduqdan sonra onun kitabxanada nümayiş etdiriləcəyindən məmnunluq duyduğunu vurğulayır.
Məktub kitabxananın baş direktoru İ.Raxingerə təqdim olunmuşdur.
İ.Raxinger Azərbaycan Prezidentinin “Xəmsə”nin əlyazmasını öz himayəsinə götürdüyü barədə “Şərəf şəhadətnaməsi”ni və Prezident Heydər Əliyevə ünvanlanmış təşəkkür məktubunu, habelə əlyazmaların mikrofilmlərini və surətlərini Polad Bülbüloğluna təqdim etmişdir.
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Ədalət Vəliyevlə Avstriya Milli Kitabxanasının direktoru İohanna Raxinger “M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası ilə Avstriya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında saziş” imzalamışlar.
Avstriyanın təhsil, elm və mədəniyyət naziri Elizabet Gerer ilə Azərbaycan Respublikasının mədəniyyət naziri P.Bülbüloğlu arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin inkişafı, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, gələn il Azərbaycanda Avstriya mədəniyyəti günlərinin keçirilməsi, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesi ətrafında fikir mübadiləsi aparılmışdır. Nazir P.Bülbüloğlu E.Gereri Bakıya rəsmi səfərə dəvət etmişdir.
Daha sonra nazir P.Bülbüloğlu Vyanada yaşayan Azərbaycan icmasının fəalları ilə görüş keçirmişdir. Görüşdə nazir ölkəmizdə aparılan məqsədyönlü islahatlardan, Azərbaycan mədəniyyətinin inkişafına göstərilən dövlət qayğısından bəhs etmiş, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların respublikamızın inkişafı üçün əlindən gələni etmələrinin zəruri olduğunu bildirmişdir. Sonra o, soydaşlarımızı maraqlandıran suallara cavab vermişdir.
Görüşlərdə Azərbaycan Respublikasının Avstriyadakı səfiri Vaqif Sadıqov iştirak etmişdir.
Həmin gün Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru Röya Tağıyeva Vyanada keçirilən Azərbaycan xalçaları sərgisində çıxış etmişdir.
Axşam isə Vyana meriyasının “Folkshalle” salonunda Azərbaycandan gəlmiş incəsənət ustalarının iştirakı ilə qala-konsert olmuşdur. Vyanada fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinin, Avstriyanın müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Avstriya parlamentinin bir sıra deputatları, müxtəlif nazirliklərin yüksək vəzifəli əməkdaşları konsertə maraqla tamaşa etmişlər. İncəsənət ustalarımızın çıxışları sürəkli alqışlarla qarşılanmışdır.