MƏDƏNİYYƏT
AVSTRİYADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ
Ölkəmizin Vyanadakı səfirliyindən bildirmişlər ki, aprelin 18-də Azərbaycan nümayəndə heyəti Avstriyanın Aşağı Avstriya əyalətinin paytaxtı Sant Pölten şəhərində olmuşdur.
Nazir Polad Bülbüloğlu əyalətin parlament sədrinin müavini Yohann Pents ilə görüşdü. Söhbət zamanı Azərbaycan ilə Aşağı Avstriya əyaləti arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparıldı.
Həmin gün Sant Pölten şəhərinin meri Villi Qruber ilə də görüş keçirildi. V.Qruber Avstriyada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsini iki xalqın yaxınlaşması, bir-birinin mədəniyyətini tanıması baxımından əlamətdar hadisə kimi dəyərləndirdi.
P.Bülbüloğlu son dörd gün ərzində Avstriyada uğurla davam edən Azərbaycan mədəniyyəti günləri barədə merə məlumat verdi və belə bir tədbirin Sant Pölten şəhərində də keçirilməsində göstərdikləri yardıma görə təşəkkürünü bildirdi.
Görüşlərdə Azərbaycan Respublikasının Avstriyadakı səfiri V.Sadıqov iştirak edirdi.
Axşam isə Sant Pölten şəhərinin “Bühne im Hof” salonunda Azərbaycandan gəlmiş incəsənət ustalarının iştirakı ilə qala-konsert oldu. Konsertin başlanğıcında Sant Pölten şəhərinin meri Villi Qruber, Aşağı Avstriya əyaləti parlamentinin üzvü Mariluiza Egerer və Azərbaycan mədəniyyət naziri Polad Bülbüloğlu çıxış etdilər.
Aşağı Avstriya parlamentinin bir sıra üzvlərinin, əyalət hökuməti təmsilçilərinin, əyalətdə fəaliyyət göstərən bir çox hökumət və qeyri-hökumət təşkilatları nümayəndələrinin olduğu konsert böyük müvəffəqiyyətlə keçdi.